Aztəminatlı ailələrin yükü artır: Təhsil və səhiyyədə hansı güzəştlər lazımdır?backend

Aztəminatlı ailələrin yükü artır: Təhsil və səhiyyədə hansı güzəştlər lazımdır?

Ailənin maddi imkanlarının məhdud olması övladların keyfiyyətli təhsil almasına və zəruri tibbi xidmətlərdən yararlanmasına maneəyə çevrilməməlidir. Lakin aztəminatlı ailələr üçün mövcud sosial dəstək mexanizmlərinin onların bütün ehtiyaclarını tam qarşılayıb-qarşılamaması cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə ali təhsilin ödənişli olması, dərman və tibbi xidmət xərclərinin yüksəkliyi aztəminatlı ailələrin üzərinə əlavə maliyyə yükü qoyur.

Bəs bu ailələrin təhsil və səhiyyəyə çıxış imkanlarının genişləndirilməsi üçün hansı güzəştlərə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ölkənin gələcəyi baxımından təhsilin yüksək səviyyədə olması mühüm əhəmiyyət daşıyır.

DİQQƏT: Quru sərhədləri bu tarixdə AÇILA BİLƏR | KONKRET

Onun sözlərinə görə, dövlət aztəminatlı ailələrin övladlarının keyfiyyətli təhsil alması üçün daha geniş imkanlar yaratmalıdır:

“Azərbaycanın elə ailələri var ki, maddi imkanları olduqca aşağıdır və bu səbəbdən övladları yüksək səviyyədə təhsil ala bilmirlər. Bu isə istər-istəməz ölkənin gələcəyinə mənfi təsir göstərir. Hesab edirəm ki, belə ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır”.

Cavanşir Abbaslı hesab edir ki, aztəminatlı ailələr üçün ali təhsil xərclərinin kredit mexanizmləri hesabına qarşılanması imkanları genişləndirilə bilər. Onun fikrincə, dövlət sifarişi əsasında universitetə qəbul olmaq imkanı əldə edə bilməyən, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən gənclər üçün əlavə dəstək mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı.

Ekspert səhiyyə sahəsində də aztəminatlı ailələrin üzləşdiyi problemlərin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

“Digər tərəfdən, səhiyyə də çox önəmlidir. Təəssüflər olsun ki, səhiyyə sistemində müəyyən problemlər var. Son zamanlar müxtəlif xəstəliklərin, o cümlədən onkoloji və ürək-damar xəstəliklərinin artması ciddi narahatlıq doğurur. Bunun üçün səhiyyə sistemində ciddi islahatlara ehtiyac var”, – deyə o bildirib.

Onun sözlərinə görə, dərman vasitələrinin ölkəyə idxalından başlayaraq apteklərdə satışına qədər bütün mərhələlərdə nəzarət gücləndirilməlidir.

“Apteklərin fəaliyyətinə də ciddi nəzarət olunmalıdır. Hətta vaxtı keçmiş dərmanları satan şəxslər ciddi şəkildə cəzalandırılmalıdırlar. İlk növbədə xəstəxanalarda çalışan şəxslərin peşəkarlıq və təhsil səviyyəsinə diqqət yetirilməlidir. Xəstəxanalar da daha ciddi nəzarətdə saxlanılmalıdır”, – deyə Cavanşir Abbaslı əlavə edib.

Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsi üçün müxtəlif mexanizmlər mövcuddur. Ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər, təhsil və tələbə kreditləri, eləcə də müəyyən kateqoriyalara aid şəxslər üçün təhsil haqqı güzəştləri bu istiqamətdə əsas dəstək vasitələri sırasında yer alır. Bununla belə, ekspertin fikrincə, sosial yardım yalnız ailənin gündəlik ehtiyaclarını qarşılamaqla məhdudlaşmamalı, uzunmüddətli perspektivdə onun təhsil və səhiyyə imkanlarının genişləndirilməsinə də xidmət etməlidir.

Çünki aztəminatlı ailənin övladının təhsil imkanlarının məhdudlaşması gələcəkdə həmin şəxsin əmək bazarına çıxışını və gəlir əldə etmək imkanlarını zəiflədə bilər. Eyni zamanda, tibbi xidmət və dərman xərclərinin ailə büdcəsinə ağır yük yaratması xəstəliklərin vaxtında aşkarlanmasına və müalicəsinə mane ola bilər.

Bu baxımdan, aztəminatlı ailələr üçün sosial dəstəyin yalnız maddi yardım ödənişləri ilə məhdudlaşmaması, təhsil və səhiyyəyə çıxışın real şəkildə təmin edilməsinə yönəlmiş daha çevik, hədəfli və uzunmüddətli mexanizmlərin yaradılması məsələsi aktuallığını qoruyur.

Aynurə İsmayıl,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*