Azərbaycan və Rusiya liderləri arasında Düşənbədə baş tutan görüşdən sonra Bakıdan ilk müsbət addım atıldı. Belə ki, “Sputnik Azərbaycan”ın həbsdə olan rəhbəri azadlığa buraxılıb. Bu qərar iki ölkə arasında münasibətlərin normallaşmasına doğru atılmış jest kimi qiymətləndirilir.
İndi isə diqqətlər Rusiyaya yönəlib. İyun ayından etibarən orada həbs edilən azərbaycanlıların azad olunub-olunmayacağı və Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının qatilləri ilə bağlı qərar maraqla gözlənilir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Rusiya artıq Azərbaycanın prinsipial, qətiyyətli mövqeyini açıq şəkildə gördü və anladı:
“Prezident İlham Əliyevin sərgilədiyi bu prinsipiallıqdan sonra Moskvanın fərqli addımlar atacağı gözlənilir. Rusiya, bütün dünya kimi, Azərbaycan vətəndaşlarının faciəvi şəkildə həlak olduğu təyyarə qəzasından sonra dövlət başçımızın Sankt-Peterburq səfərini yarımçıq qoyaraq dərhal ölkəyə dönməsinin, müşavirə keçirməsinin və istintaqa başlanması barədə göstəriş verməsinin şahidi oldu. Azərbaycan bu prosesdə bir addım belə geri çəkilmədi və haqlı tələblərini davam etdirdi.
Bəzi qüvvələr bu hadisədən təxribat məqsədilə istifadə etməyə, Moskva-Bakı münasibətlərini gərginləşdirməyə çalışsalar da, ölkə başçısı göstərdi ki, vətəndaşların həyatı və təhlükəsizliyi hər şeydən üstündür. Təxminən 10 ay davam edən bu prosesdə Azərbaycan Rusiya ilə münasibətlərin pisləşməsində maraqlı olmayıb, yalnız baş vermiş faciənin hüquqi çərçivədə araşdırılmasını tələb edib”.
Hüquqşünas bildirib ki, beynəlxalq hüquqa və Çikaqo Konvensiyasına uyğun olaraq, AzərbaycanRusiyaya öz haqlı tələblərini irəli sürüb:
“Rusiya bu tələbləri yerinə yetirməkdə ləngisə də, Düşənbə görüşündə Prezident Vladimir Putin Azərbaycan tərəfinə yenidən üzrxahlığını bildirib, kompensasiyanın ödəniləcəyini və məsul şəxslərin cəzalandırılacağını qeyd edib. Bunun ardınca, Bakı da konstruktiv addım ataraq “Sputnik Azərbaycan”ın rəhbərinin azadlığa buraxılmasına qərar verib. Fikrimcə, bu qərar hüquqi əsaslara uyğun şəkildə qəbul edilib. Gözlənilir ki, bundan sonra Rusiya Azərbaycan vətəndaşlarına qarşı qanunsuz addımlardan çəkinəcək və araşdırmalar daha ədalətli aparılacaq.
Azərbaycan üçün əsas məsələ ədalətin bərpası və günahkarların məsuliyyətə cəlb olunmasıdır. Dövlətlərarası münasibətlərdə hər hansı cinayətə göz yumulmur. Bu hadisədən sonra münasibətlərin normallaşması, gərginliyin azalması və qarşılıqlı etimadın bərpası istiqamətində yeni addımların atılması mümkündür. Azərbaycan hər zaman bütün ölkələrlə, o cümlədən qonşularla, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu prinsiplərə əməl edən dövlətlərlə münasibətlər inkişaf etdirilir, əks halda isə adekvat mövqe sərgilənir”.