“Bakıdakı mənzil qiymətləri Türkiyədəki qiymətlərlə müqayisə oluna bilər” – EKSPERTbackend

“Bakıdakı mənzil qiymətləri Türkiyədəki qiymətlərlə müqayisə oluna bilər" - EKSPERT

“Bakıdakı mənzil qiymətləri, hətta bəzi Şərqi Avropa dövlətlərinin paytaxtlarında, Türkiyədəki mənzil qiymətləri ilə müqayisə oluna bilər. Halbuki ərazi baxımından həmin ölkələr daha əlverişli hesab edilir və bizdə qiymətlərin o səviyyədə olması düzgün deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, həmin ölkələrdə işçi qüvvəsinin Azərbaycandan daha baha olması yüksək qiymətlərin mövcudluğunu labüd edir: “Azərbaycandakı yüksək qiymətlər isə süni yolla formalaşdırılmış qiymətlərdir. Bizdə, demək olar ki, normal tikinti şirkəti yoxdur. Hamısı korrupsiyaya bulaşıb. Heç birinin də sənədləri qaydasında deyil. Ölkədəki tikinti layihələrinin əksəriyyəti qanuna uyğun hazırlanmayıb. Hətta torpaq da tikinti şirkətlərinin mülkiyyətində olmur. Halbuki bir neçə il bundan əvvəl qanun qəbul edilmişdi ki, şirkətlər torpağı mülkiyyət kimi almalıdırlar. Beləliklə də tikilən binada vətəndaşların mənzilə hüquqlarını əvvəlcədən qeydiyyata ala bilsinlər. Lakin onlar bunu etmir, gedirlər torpağı istifadəyə götürürlər və rəsmi xərclərini bu şəkildə azaldırlar. Yəni vətəndaşın hüquqlarını əvvəlcədən qeydiyyata aldırmaq istəmirlər, çünki heç bir binanın tikintisi qabaqcadan təsdiq olunmuş layihə ilə həyata keçirilmir. Beləcə binanı tikərək düşünürlər ki, görək, nə qədər pul yığa biləcəyik. Bizdə heç bir tikinti şirkəti öz pulu ilə ev tikmir. Yalnız tikinti üçün icazə alanda gedirlər müvafiq dövlət orqanlarına, rüşvət verirlər. Sonra isə bina hələ tam tikilməmiş başlayırlar mənzilləri satmağa və buna uyğun da baxırlar 10 mərtəbə tikək, ya 15… Halbuki bunlar hamısı əvvəlcədən müəyyən edilməlidir. Vətənadaşlar da əvvəlcədən qeydiyyata alınmalıdılar ki, eyni mənzil bir neçə nəfərə satılmasın. Bizdə bir mənzili bir neçə nəfərə satmaq məsələsi xeyli yayılıb və bu biabırçı həddədir. Beləliklə də bu şəkildə olan qanun pozuntuları, həm də qiymətin yüksək olmasına gətirib çıxarır.  Ölkədə tikinti sahəsində qeyri-şəffaflıq var. Məhz buna görə də qiymətlər belə yüksəkdir. Tikinti şirkətlərinə baxanda nizamnamə kapitalları çox aşağıdır. 100 manat, 200 manat,  yəni öz pulları yoxdur, tamamilə özbaşnalıqdır. Kim nə istəyir, onu da edir. Bundan əlavə onlar qiymətlərdə süni ajiotaj məsələsi də yaradırlar ki, qiymətlər bahadır… İnsanları cəlb edirlər, kreditlə satış həyata keçirilər. Təəssüf ki, insanlar da buna aldanır. Hətta vətəndaşlar  gedib mənzili alanda onlara kupça da verilmir . Yəni bunlar hamısı süni qiymət artımlarını yaradır. Azərbaycanda mənzillərin qiyməti bu qədər yüksək olmalı deyil. Hesab edirəm ki, ölkədə daşınmaz əmlaka qoyulan qiymət bu sahədə müəyyən qanunlar tətbiq edildikcə enməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*