“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda açıq şəkildə qeyd olunur ki, Bakı monosentrik (bir mərkəzdən ibarət paytaxt şəhəri – red) şəhər olub.
Dünyada isə trend budur ki, paytaxt şəhərləri polisentrik – çoxmərkəzli olmalıdır. İndi biz neçə il çalışmalıyıq ki, “şəhərə çıxaq” deyəndə yalnız bir mərkəz yada düşməsin və nəqliyyat vasitələri ilə piyadalar təkcə bir yox, bir neçə yerə axın etsin. Belə olduqca şəhər nəqliyyatını daha asan idarə etmək mümkün olur, tıxac yaranmır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı səsləndirib.
“Proqramda qeyd olunur ki, Bakıda səfərlərin müddəti 20 dəqiqədən çox olmamalıdır. Bakı dünyanın ən yaxşı 30 şəhərindən birinə çevrilməlidir. Fikrimcə, bizdə reallıq fərqlidir. Nəinki Bakı, əksinə bütöv Azərbaycan bir mərkəzdən – Bakıdan ibarətdir. Bakı da bir mərkəzdən ibarət olanda vəziyyət acınacaqlı hal alır. Ən pis göstərici odur ki, 10 il öncə Bakıda 1000 nəfərə 132 avtomobil düşürdüsə, indi bu rəqəm 160 faiz artaraq 1000 nəfərə 320 avtomobil təşkil edir. Bəs Bakının bu qədər yükü çəkməyə gücü varmı? Əlbəttə ki, yox. Çünki Azərbaycanın 10 milyonluq əhalisinin 4-5 milyonu Bakıdadır və ya paytaxta gündəlik səfərlər edir. Bu isə normal hal deyil. Ölkədə hər şey paytaxtda cəmləşməməlidir. Proqramın qəbulunu alqışlayıram və çoxdandır gözlədiyimiz məsələlərin həllinin bu sənədlə mümkün olacağını düşünürəm. Amma problemləri kökündən həll etmək üçün bölgələrimizin inkişafına ciddi diqqət yetirilməlidir, kəndlər, rayonlar daimi sakinlərini geri çəkməlidir”, – ekspert vurğulayıb.
Natiq Səlim
KONKRET.az