Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavab gözləyir. Sözügedən şərtlər erməni mətbuatında da geniş müzakirələrə səbəb olub. Belə ki, erməni mətbuatında yazılanlara görə, irəli sürülən təkliflər arasında Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən, Qarabağa hər hansı iddiadan imtina edilməsi, “Zəngəzur dəhlizi”nə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması, Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi yer alır.
Bəs görəsən, bu 5 prinsip Azərbaycanın maraqlarını tam əks etdirirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fəqani Məhərrəmli cavablandırıb.
O bildirib ki, Azərbaycanın Ermənistana irəli sürdüyü tələblər çox ədalətlidir:
“Həmin tələblər Ermənistan üçün bir növ fürsət kimi qiymətləndirilə bilər. Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təminatı kimi bu şərtləri irəli sürüb. Azərbaycanın yaratdığı bu şans Ermənistan üçün də əlverişli şərait yarada bilər. Müharibədən sonrakı dövrdə orada ictimai-siyasi mühitin mürəkkəbləşməsi, klanlararası mübarizənin güclənməsi, eyni zamanda sosial və iqtisadi durumun pik həddə çatması hamıya aydındır. Ona görə də, qarşı tərəf bu təklifləri, sözsüz və qeyd-şərtsiz, qəbul etməlidir. İrəli sürülən şərtlərin çox düzgün və ədalətli olması Qafqazda və bütövlükdə regionda sülhün və sabitliyin təminatı olaraq qəbul edilməlidir”.
Politoloq bildirib ki, Ermənistan bu fürsəti əlindən qaçırmamalıdır:
“İrəli sürülən tələblərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Əslində bu məsələdə bizim digər alternativlərimiz də var. Azərbaycan uzun illərdir ki, Gürcüstanla sıx əməkdaşlıq edir. Biz Gürcüstanın ərazisindən uğurla istifadə edirik. İkinci alternativ isə Azərbaycanla İran arasında imzalanan memorandumdur. Zəngəzur dəhlizindən istifadə etmədən həm avtomobil, həm də dəmir yolları üçün dəhliz yarada bilərik. Yüksək ehtimalla bu dəhliz yaradılacaq. Ermənistan bu fürsəti də əlindən qaçırsa, onun müstəqil dövlət kimi varlığı sual altında qalacaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az