“Bu gün Mərkəzi Bankın sədri ilə 10 ekspertin ənənəvi rüblük görüşü keçirildi. Həmişəki kimi Taleh Kazımov açıq və konstruktiv müzakirə (bəzən hətta mübahisə) şəraitində bütün suallara dolğun və səmimi cavab verdi”.
KONKRET.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, bu dəfə əsas mövzular pul siyasəti və vençur maliyyələşməsi idi. O cümlədən bəlli oldu ki, Taleh müəllim Mərkəzi Bankın kollegial qurumlarında (Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi) həqiqi kollegiallığa şərait yaradaq səsvermədə sonuncu olaraq iştirak edir və bir neçə dəfə hətta qəbul olunmuş qərarların əleyhinə də səs verib. Çox yaxşı nümunədir digər dövlət qurumları üçün!
“Mənim sualım bank sistemi üçün ən əhəmiyyətli məsələlərdən biri ilə bağlı idi – əmanətlər haqda. Məlumdur ki, banklar uzunmüddətli əmanətlərdə maraqlıdır. Lakin hazırda bir bank – “Turanbank” uzunmüddətli əmanətlər üçün təhlükə yaradıb”.
“Deməli, müştəri bu banka 100 min dollar əmanət yerləşdirib 2009-cu ildə, 3 il sonra isə vəfat edib. Övladı yalnız indi sənədlərin içində əmanət müqaviləsini və kassa çekini (həmçinin bir torpaq sahəsinə mülkiyyət sənədini) tapıb və notariusa müraciət edib”, – ekspert əlavə edib.
“Lakin “Turanbank” bildirir ki, guya əmanətçi hələ 2010-cu ildə əmanətini çıxarıb. Bank bunu nə ilə sübut edir? Heç nə ilə! Deyir ki, 2016-cı ildə isə bununla bağlı bütün sənədləri məhv edib, çünki Mərkəzi Bankın qaydalarına əsasasən sənədləri azı 5 il saxlamalıdır, 5 il bitib, o da sənədləri məhv edib”.
“Başqa sözlə, “Turanbank” demək istəyir ki, banklarımızda 5 ildən çox əmanət saxlamaq çox təhlükəlidir. Çünki 5 ildən sonra gəlib əmanəti istəsəz, bank deyə bilər ki, elə sabahısı gün gəlib çıxarmısan, 5 il ötüb, o da sənədləri məhv edib. Bank sistemi üçün bundan böyük təhlükə ola bilməz əlbəttə: əmanətçilər üçün qeyri-müəyyənlik yaratmaq! Niyəsə İsveçrə banklarına bir əsr sonra da müraciət edib pulunu istəyə bilərsən, amma bizim bir bankımız bütün bank sisteminin nüfuzuna xələl vuraraq belə absurd mövqe nümayiş etdirir.
Problem özü də ondadır ki, bu mövqeyi sıravi bank işçisi deyil, bankın İdarə Heyətinin sədri yazılı şəkildə bildirir. Dəhşətdir! İndiyədək bu bank bilmir ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə şamil olunmur. Mərkəzi Bank deyəndə ki, sənədi azı 5 il saxla, bu o deməkdir ki, yoxlmaya gələndə 5 illik sənədləri istəyə bilər. Amma təbii ki, bankın müştəri qarşısında öhdəliyinin icrasını təsdiq edən sənədin saxlanılması ilk növbədə bankın özünə lazımdır. Çünki əmanəti qaytarmasına dair sübutetmə yükü onun üzərindədir.
Baş bankir məsələnin araşdırılacağını bildirdi və təsdiq etdi ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə aid deyil. Ümid edirəm ki, digər banklarda belə hallar yoxdur və yalnız “Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəldir. Lakin buna necə əmin olaq? Bir bank bütün bank sisteminin üzünü qara edə bilər”.
Əkrəm Həsənov
KONKRET.az