Yeni il bayramı yaxınlaşdıqca süfrələrin necə tərtib olunması, hansı yeməklərin seçilməsi və nələrdən uzaq durulması cəmiyyətdə aktual mövzuya çevrilir. Bayram əhval-ruhiyyəsi ilə yanaşı, sağlamlığın qorunması və ifrat xərclərdən qaçmaq da mühüm amillər sırasındadır. Maraqlıdır, Yeni il süfrəsində hansı yeməklər mütləq olmalı, hansılardan uzaq durulmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, bayram süfrəsi bayram əhval-ruhiyyəsi yaratmalı, lakin orqanizm üçün əlavə yükə çevrilməməlidir.
Ekspertin sözlərinə görə, “bayramdır” deyə mədəni və orqanizmi həddindən artıq yükləmək düzgün yanaşma deyil:
“Əgər süfrəni yağlı, qızartmalı yeməklər, qazlı içkilər, çoxlu duz və ədviyyatlarla doldururuqsa, bu artıq bayram yox, orqanizm üçün stressdir.
Orqanizm bayram etmir, əksinə, yüklənir və bu da əhval-ruhiyyəyə mənfi təsir göstərir”, – deyə İlkin Şirinov qeyd edib.
Onun sözlərinə görə, Yeni il süfrəsində daha yüngül və sağlam qidalara üstünlük verilməlidir.
“Qeyri-adi və rəngarəng tərəvəz salatları, balıq yeməkləri, müəyyən qədər toyuq və hinduşqa əti daha məqsədəuyğundur. Eyni zamanda, yağlı qızartmalar, müxtəlif yağlarda hazırlanmış ağır ət yeməkləri və həddindən artıq ədviyyatlı qidalardan mümkün qədər uzaq durmaq tövsiyə olunur”.
Ekspert uşaqlarla bağlı məqama da diqqət çəkib. Onun sözlərinə görə, şampan butulkalarının imitasiyası olan içkilərin belə uşaqlara verilməsi düzgün deyil:
“Bu cür içkilərlə biz uşaqları dolayısı ilə alkoqola öyrəşdirmiş oluruq. Hər şey öz çərçivəsində olsa, daha sağlam olar”, – deyə o, bildirib.
İlkin Şirinov əlavə edib ki, bayram günlərində ən çox rast gəlinən problemlərdən biri də ifrat xərclərdir. Onun fikrincə, ailə büdcəsini aşan alış-veriş və süfrə xərcləri bayramdan sonra əlavə stress yaradır:
“Bayram günündə nə qədər az ifrat xərclər olarsa, bayramdan sonra bir o qədər rahatlıq olar”, – deyə ekspert vurğulayıb.
Beləliklə, mütəxəssislər Yeni il süfrəsində sağlam qidalanma, ölçü və maliyyə balansının qorunmasını əsas prinsip kimi tövsiyə edirlər.
Aynurə İsmayıl
KONKRET.az

