Belə fondların yaradılmasına ehtiyac var – Pensiyaçılar əziyyət çəkməməlidirbackend

Belə fondların yaradılmasına ehtiyac var - Pensiyaçılar əziyyət çəkməməlidir

“Özəl pensiya fondlarına inamın formalaşmasına ehtiyac var. Yəni vətəndaşda bu cür fondlara inam olmalıdır ki, vəsaitini bu fondlarda saxlasın” – Vüqar Bayramov

Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində özəl pensiya fondları fəaliyyət göstərir. İnsanlar təqaüd yaşına çatanda, dövlətə deyil, bu pensiya fondlarına üz tuturlar. Belə fondlara üz tutmaq könüllüdür.

KONKRET.az xəbər verir ki, Azərbaycanda da belə fondların yaradılması məsələsi zaman-zaman gündəmə gəlib. Az müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov yenidən bu mövzuya qayıdaraq bildirib ki, hazırda ölkədə ilk özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində işlər gedir.

Amma ölkəmizdə hələ də belə bir pensiya fondu mövcud deyil. Belə fondların yaradılmasının gecikməsi isə müəyyən maneələrin olduğundan xəbər verir.

İqtisadçı-alim Vüqar Bayramov açıqlamasında mövcud durumu qiymətləndirib: “Özəl pensiya fondunun yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında bir proqram icra olundu. Milli ekspert olaraq mən də bu proqramın təhlilinin aparılmasına cəlb olunmuşdum. Özəl pensiya fondlarının yaradılması birmənalı şəkildə vacibdir. Bu gün inkişaf etmiş ölkələrin demək olar ki hamısında Özəl Pensiya Fondları mövcuddur”.

“Lakin ekspert olaraq Azərbaycanda belə fondların yaxın zamanlarda yaradılacağını güman etmirəm. Çünki bunun üçün tamamilə hazırlıqlı olmaq lazımdır. Bu istiqamətdə olan əsas problemlər isə həmin fondlara cəlb olunacaq vəsaitlərin milli valyutada olacağını nəzərə alaraq onun indeksasiyası, istifadəsi və yerləşdirilməsi məsələləri də önəm doğurur. Cəlb edilən vəsaitin gəlir əldə etmək üçün yerləşdirilməsinə ehtiyac var”, – deyə o əlavə edib.

Alim bildirir ki, milli valyutada ödənilən vəsaitlərin yalnız inflyasiya zamanı deyil, eyni zamanda da məzənnə riskindən sığortalanmasına ehtiyac var: “Valyuta indeksasiyasının həyata keçirilməsinə ehtiyac var. Amma qeyd edək ki, bu nüans da bir tərəfdən pensiya fondları üçün əlavə xərcin yaradılmasına səbəb ola bilər. Təbii ki, bunun üçün vətəndaş çalışmalıdır ki, özəl pensiya fondlarında vəsaitlərin indeksasiyasına nail ola bilsin. Bundan başqa, bu pensiya fondlarına inamın formalaşmasına ehtiyac var. Yəni vətəndaşda bu cür fondlara inam olmalıdır ki, vəsaitini bu fondlarda saxlasın”.

V.Bayramov bildirir ki, bundan başqa, ilkin kapitalın özəl pensiya fondlarının formalaşması məsələsi də çox önəmlidir: “Bu kapitalın formalaşması üçün Dövlət Neft Fondunun hansı formada bu prosesə cəlb edilə biləcəyi də maraq doğurur. Vətəndaşın ödəmə qabiliyyəti olmalıdır ki, bu cür fondlar yaransın”.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən hələ 2008-ci il dekabrın 30-da təsdiqlənən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı”nın bəndlərindən biri məhz qeyri-dövlət pensiya fondlarının inkişafı ilə bağlıdır.

Nigar İsgəndərova

 

 

 

 

 

Sputnik

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*