“Belə qərar ciddi beynin məhsulu ola bilməz” – Taksilərlə bağlı qalmaqal böyüyürbackend

“Belə qərar ciddi beynin məhsulu ola bilməz” – Taksilərlə bağlı qalmaqal böyüyür

“Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz?”

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında “Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, belə bir qərar insanların konstitusion hüquqlarının pozulmasıdır:

“Belə bir qərar artıq insanların konstitusion hüquqlarının pozulmasıdır. Vətəndaş fiziki şəxs kimi akreditasiyadan keçib, sertifikat alıb taksi xidməti göstərirsə, Azərbaycan bütün hüdudlarında fəaliyyət göstərə bilər. Haradasa yazılmayıb ki, sürücü İmişli, Salyan yaxud Bakı şəhərində fəaliyyət göstərməlidir. Mənə elə gəlir ki, bu absurd qərardır. Ümumiyyətlə son zamanlar taksi ilə bağlı qəbul olunan qərarların əksəriyyəti absurddur. İstər hava limanında xidmətin məhdudlaşdırılması, istər də hazırki qərar”.

İlqar Hüseynli qeyd edib ki, sözügedən addım həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır:

“Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz? Bu məntiqlə bütün peşə sahələrinə bunu şamil etsək nə baş verəcək? Mən düşünmürəm ki, belə bir qərar qəbul olunsun. Həm iqtisadi, həm də insanların konstitusion hüquqları baxımından absurddur. Bu, həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır”.

Qeyd edək ki, Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var:

“Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu, qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*