İşğal dövründə Ermənistan bizim məscidlərimizə, müsəlman dünyasının abidələrinə qarşı insanlığa sığmayan cinayətlər edib, barbarlıqlar və təhqiramiz hərəkətlərə yol verib, islamofobiyanı təbliğ edib. Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda, bir sözlə, işğaldan azad edilən digər şəhər və rayonlarımızda müsəlman abidələrinə qarşı misli görünməyən cinayətlər törədən Ermənistan bununla da bizim dinimizə nifrətini ortaya qoyub. Əlbəttə, bütün bunlar qəbuledilməzdir.
KONKRET.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli deyib.
Onun sözlərinə görə, ermənilər dini abidələrimizin böyük bir hissəsini məhv ediblər, bir hissəsini isə özününküləşdirməyə çalışıblar. Ermənistan müharibənin gedişində də bu vəhşiliklərini göstərdi:
“Onların insanlığa sığmayan hərəkətlərini müşahidə etdik. Bu baxımdan Prezident İlham Əliyevin dağıdılmış Zəngilan məscidinin qarşısında çıxışı çox ibrətamizdir. Prezident İlham Əliyevin bu kimi çağırışları bir tərəfdən islam həmrəyliyinin, müsəlman dünyasının birliyinin daha da möhkəmlənməsinə, digər tərəfdən isə ikili standartların ifşasına xidmət edir. Hər halda bizim həssas olmağımız vacib olan əsas məsələlərdən biri də, dinlə bağlıdır. Hesab edirəm ki, bu çıxışdan həm dünya ictimaiyyəti, həm də islam ölkələri ciddi şəkildə nəticə çıxaracaqlar. Doğrudan da Azərbaycandakı məscidlərin ermənilər tərəfindən təhqirlərə məruz qalması, ancaq Azərbaycanın məsələsi deyil. Bu, insanlıq cinayətidir”.
F.Ələkbərli qeyd edib ki, Ermənistanın müsəlman abidələrinə qarşı əxlaqdan kənar davranışlarına, törətdiyi vandalizm aktlarına, bu ölkənin islamofobiyanı qızışdırmasına, nəinki xristian dövlətləri, o cümlədən bəzi müsəlman ölkələri də göz yumublar. Belə ölkələr müsəlman abidələrinə qarşı təcavüzkarlıqlar edən, islamofobiyanı qızışdıran Ermənistanla əlaqələrinə yenidən baxmalıdırlar:
“Bu müsəlman ölkələri bəlkə də əvvəllər buna görə özlərinə haqq qazandıra bilərdilər, ancaq dünya ictimaiyyəti gördü ki, Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl məscidlərini ermənilər hansı vandallıqla tar-mar ediblər, müsəlmanların inanc yerlərində, müqəddəs ocaqlarında hətta donuz saxlayıblar, bununla da çox iyrənc üsullara əl atıblar. Prezident İlham Əliyevin dünyanın müsəlman ölkələrinin ictimaiyyətinə səslənməsi və onların öz dövlətlərinə Ermənistanın müsəlman məscidlərinə qarşı həyata keçirdiyi iyrənc, təhqiramiz hərəkətlərlə bağlı mesajlar verməli olduğunu qeyd etməsi müsbət haldır. Müsəlman ölkələrinin ictimaiyyəti Ermənistanın bu davranışlarından məlumatlıdır və onlar öz dövlətlərinə müraciət edərək Ermənistanla əlaqələri kəsməyə çağırmalıdırlar. İctimaiyyətin, ictimai rəyin təsiri, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də böyük rol oynaya bilər. Müsəlman ölkələrinin ictimaiyyəti bu baxımdan çox böyük rol oynaya bilər”.
Politoloq hesab edir ki, bundan sonra istənilən müsəlman ölkəsi Ermənistanla hər hansı bir əlaqə qurmaq, yaxud indiyə qədər qurduğu əlaqələri davam etdirmək istəsə, həmin ölkələrin müsəlman əhalisi, müsəlman ictimaiyyəti buna kəskin etirazını bildirməli və bunun qəbuledilməz hal olduğunu ölkələrinin diqqətinə çatırmalıdır. Dünyanın müsəlman ictimaiyyəti bilməlidir ki, bu qədər çirkin hadisələrdən sonra Ermənistanla onların ölkəsinin əlaqə qurması qəbuledilməzdir. Əksinə, müsəlman ölkələri arasında birlik, həmrəylik daha da güclənməlidir:
“Biz bu kimi məsələlərdə birliyimizi daha da gücləndirməliyik. Hesab edirəm ki, bu kimi məsələlərdə islam ölkələrinin müsəlman ictimaiyyəti də diqqətli, həssas olmalı və öz ölkələrini islamofobiyanı təşviq edən, müsəlman məscidlərini dağıdan, təhqir edən Ermənistanla əməkdaşlıqan çəkindirməlidir”.
F.Ələkbərli qeyd edib ki, özünü demokratiyanın mərkəzi, əsas nüvəsi hesab edən ölkələr də prezidentin çıxışından öz payını götürməlidirlər. Çünki həmin dövlətlər ,hansıkı əksəriyyəti xristian dövlətləridur, bir xristiana ya da , kilsəyə zərər dəyəndə dünyanı ayağa qaldırırlar:
“Ancaq söhbət müsəlmandan, məsciddən getdikdə isə susurlar . Əlbəttə, bu kimi ikili standartlarla dünyanı idarə etmək mümkün deyil”.
Ermənistanın müsəlman abidələrinə qarşı əxlaqdan kənar davranışlarına, törətdiyi vandalizm aktlarına, bu ölkənin islamofobiyanı qızışdırmasına, nəinki xristian dövlətləri cümlədən bəzi müsəlman ölkələri də göz yumublar.