“Knight Frank Wealth Report”un yeni hesabatına görə, artıq 1 milyon dollar lüks daşınmaz əmlak bazarında əvvəlki dəyərinə malik deyil.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, dünyanın ən baha bazarı hesab olunan Monakoda bu məbləğə cəmi 16 kvadratmetr sahə almaq mümkündür.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə bu rəqəm 17 kvadratmetr idi. Reytinqdə ikinci yerdə qərarlaşan Honkonqda 1 milyon dollara 22,5 kvadratmetr sahə düşür. London, Sinqapur və Cenevrə ilə müqayisədə Nyu-York daha “əlverişli” görünür – burada sözügedən məbləğə 33,9 kvadratmetr əmlak əldə etmək olar.
Ötən il “Knight Frank” tərəfindən izlənilən 100 bazarda qiymətlər orta hesabla 3,2 faiz artıb. Dubayda qiymətlər 2025-ci ilə qədər 25 faiz, son beş ildə isə təxminən 200 faiz artıb. 2025-ci ildə Tokioda 58 faizlik rekord artım qeydə alınıb. Manila, Seul və Praqa da yüksək artım templəri nümayiş etdiriblər.
Ekspertlərin fikrincə, yaxın gələcəkdə lüks daşınmaz əmlakın əsas artım mərkəzləri Mumbay, Brisben, Mayami və Honkonq olacaq.
Hesabatda vurğulanır ki, superzəngin şəxslər indi hər zamankından daha mobildirlər, onlar dünyanın müxtəlif yerlərindən mülklər alırlar və bir şəhərdən digərinə daha tez-tez köçürlər. Bu tendensiya qlobal elit bazarlarda rəqabəti və qiymətləri daha da stimullaşdırır.
