Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti 110 000 dolları ötərək tarixi rekord qırıb. Bu barədə “Binance” platformasının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 08.24-ə olan məlumata görə, kriptovalyuta 111 315 dollara bərabər olub. Maraqlıdır, “Bitcoin” daha nə qədər yüksələ bilər?
Mövzu ilə bağlı İqtisadçı ekspert Eldəniz Əmirov KONKRET.az-a açıqlamasında bildirib ki, “Bitcoin”in qiymətinin yaxın dövrlərdə bir qədər də yüksələcəyi ehtimal edilir.
“Hətta kriptovalyutanın 200 min dollara qədər qalxmasının şahidi ola bilərik. Çünki “Bitcoin”in 110 min dollara qədər yüksəlməsinə səbəb olan amillərin onun qiymətini daha da artırması mümkündür”.
Ekspert qeyd edib ki, kriptovalyutaların ümumilikdə şişirdilmiş maliyyə alətləri, bir növ “hava şarları” olduğu da unudulmamalıdır.
“Bu balonların bir gün partlayacağı qaçılmazdır. Bu, sadəcə zaman məsələsidir. Çünki onların arxasında real iqtisadi dəyər dayanmır, daha çox spekulyativ bazar davranışlarına əsaslanırlar. Bu proses tam çökmə mərhələsinə çatana qədər müəyyən şəxslər fürsətlərdən faydalana bilər. Ancaq bu tip alətlərə uzunmüddətli və böyük ümidlərlə yanaşmaq, onlara dayanıqlı investisiya strategiyası kimi baxmaq doğru deyil”.
Aynurə İsmayıl
KONKRET.az