İndoneziyanın Borneo adasında yeni xurma ağacı növü kəşf edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ağac yerin altında çiçək açmağa və meyvə verməyə qadirdir.
Məlumata görə, bu növə “Pinanga subterranea” adı verilib. Elm adamları yerin altında tozlanma və toxumların yayılması prosesinin necə baş verdiyini hələ müəyyən etməyib.
“Pinanga subterranea” yerin altında çiçək açan və meyvə verən yeganə xurma növüdür”, – deyə Kral Nəbatat Bağlarının tədqiqatçısı, doktor Benedikt Kunheuzer bildirib.
İlkin araşdırmalar göstərib ki, donuzlar meyvəni yeyərək xurma toxumlarının yayılmasına kömək edir. Amma çiçəklərin necə tozlandığı məlum deyil.
Qeyd olunub ki, “Pinanga subterranea” təkcə Borneoda deyil, Saravakda (Malayziya) da bitir. Bu günə qədər alimlər Borneoda bitən 300-ə yaxın müxtəlif xurma növünü müəyyən ediblər. Onların yarısı yox olmaq təhlükəsi ilə üzləşə bilər.
İqbal Rzayev,
KONKRET.az