Polşanın Katovitse şəhərindən gələn xəbər xalqımızın erməni faşizminə və terroruna təkcə Azərbaycanda deyil, xaricdə də məruz qaldığını göstərir. Bu da təsadüfi deyil. Dövlətimizin yürütdüyü diaspor siyasəti nəticəsində xarici ölkələrdəki icmalarımızın və diaspor təşkilatlarının fəaliyyəti kəmiyyət və keyfiyyət baxımından müsbətə doğru dəyişib və mütəşəkkil xarakter alıb. Soydaşlarımızın Azərbaycanın ədalətli və haqlı mövqeyini Qərb dövlət orqanlarının və ictimaiyyətinin diqqətinə çatdırmaları, beynəlxalq hüquqa istinadən mötəbər beynəlxalq təşkilatlardan Ermənistanın işğalına son qoyulmasını israrla və inadla tələb etməsi Ermənistanı və ermənı lobbisini çox narahat edir.
Yəqin ki, 1988-ci ildə və sonralar havadarlarının sayəsində, Qafqazda internetin mövcud olmadığı dövrdə Azərbaycanı çox asanlıqla informasiya blokadasına alan ermənilərin ağlına gələ bilməzdi ki, işğalın 27-ci ilində xalqımız və diasporumuz bir yumruq halında birləşib, erməninin işğalçı, təcavüzkar və terrorçu maskasının yırtılmasına nail olacaq. Təbii ki, diasporumuzu qüvvətli edən Azərbaycan dövlətinin gücünün artması, Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda uğurlu əməlliyyatlar keçirməsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti ilə yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması ilə bağlı ardıcıl fəaliyyəti, Avropanın qabaqcıl ölkələrində həyata keçirdiyi irimiqyaslı hümanitar layihələr diasporumuzun yeni müstəviyə çıxmasında müstəsna rol oynayıb.
Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı söylədiyi “Qarabağ Azərbaycandır!” tarixi ifadəsi isə bütün xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların ürəyini dağa döndərdi. “Qarabağ Azərbaycandır!” ifadəsi dərhal xaricdə keçirilən bütün tədbirlərin, nümayişlərin və mitinqlərin əsas şüarına çevrildi. Bu şüarı sosial media şəbəkələrində həştəqlərlə paylaşan soydaşlarımız Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu beynəlxalq ictimaiyyətin nəzərinə çatdırırlar.
Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən Azərbaycan icmaları və diaspor təşkilatları Çexiyanın Praqa, Ukraynanın Kiyev, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York, Boston və Hyuston şəhərlərindəki müxtəlif məkanların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerlərini yerləşdirirlər.
Xüsusi helikopterin vasitəsilə Nyu-Yorkun səmasında “Qarabağ Azərbaycandır” şüarı nümayiş etdirilir. Ukraynada üzərində “Qarabağ Azərbaycandır!” ifadəsinin əks olunduğu hava şarı göyə qaldırılır. “Qarabağ” futbol komandası İsraildə bu şüarla qarşılanır. Dallas şəhərinin mərkəzində “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı reklam lövhəsi quraşdırılır…
Əslində, bütün dünya Azərbaycan diasporunun gücünə Tovuz hadisələri zamanı şahid oldu. Avropa, ABŞ və Kanadanın iri şəhərlərində nümayiş və mitinqlərin keçirilməsi, Ermənistanın deyil, Azərbaycanın torpaqlarının qəsb olunduğunu, ermənilərin deyil, azərbaycanlıların öz Vətənində yaşamaq hüququnun pozulduğunu, ermənilərin yox, azərbaycanlıların soyqırıma, təcavüzə və terrora məruz qaldığını, Ermənistandan fərqli, Azərbaycanın sülhpərvər, multikultural, tolerant dövlət olduğunu soydaşlarımızın gur səslə avropalılara, digər qərblilərə çatdırması həm də düşmənlərimizin demokratik və bəşəri dəyərlərdən çox uzaqda olduğunu da üzə çıxardı.
Los-Ancelesdə, Brüsseldə, Londonda, Parisdə, Torontoda və Moskvada nifrət zəminində soydaşlarımıza hücum edərək onlara ağır xəsarət yetirməklə, hətta pnevmatik silahdan atəş açmaqla ermənilər faşist xislətli olduqlarını nümayiş etdirdilər. Bütün dünyanın gözü qarşısında…
Ermənilərə qarşı cinayət işləri açılsa da, “ASALA” (terror təşkilatının adı) yazılmış köynəklərlə nümayişə çıxmaqdan çəkinməyən ermənilər xaricdəki soydaşlarımıza qarşı təhdidlərini indiyədək dayandırmırlar. Onlar Kaliforniya, Kanada və digər ölkələrdə yaşayan soydaşlarımızın telefonlarına və elektron poçtlarına müxtəlif hədə-qorxular göndərir, Ermənistanın törətdiyi cinayətləri Azərbaycanın adına çıxarmaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Özü də, texnogiyaların inkişaf etdiyi XXI əsrdə!
Artıq Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi bununla bağlı dairə prokuroruna və konqresmenlərə müraciət edərək, erməni cinayətkarlarının qarşısını almağa çağırıb. Britaniyadakı Azərbaycan icması “Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatına müraciət edərək, azərbaycanlıların hüquqlarını müdafiə etməyə səsləyib. Amma “Amnesty İnternational” susmaqda davam edir. Fikirləşirsən ki, əgər hər şey əksinə olsaydı, indi azərbaycanlıların terrorçu qismində xaricdən deportasiya olunmasının, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi barədə beynəlxalq təşkilatların qaldırdığı hay-küydən qulaq tutulardı…
Amma bu gün “Freedom House”, “Amnesty İnternational“ kimi təşkilatlar, ermənipərəst qüvvələr Azərbaycanın məhz “demokratik” Paşinyan hökumətinin Tovuzdan sonra Dağlıq Qarabağ tərəfdən bütün cəbhə boyu hücumuna əks-hücumla cavab verməyə məcbur olması faktına gözlərini yumublar. Məhz Azərbaycanın işğalçının həyasız, yaramaz davranışından təngə gələrək BMT-nin 4 qətnaməsini, beynəlxalq təşkilatların qərarlarını, ATƏT-in Minsk Qrupunun öhdəliklərini yerinə yetirməklə 27 illik işğala son verməyə çalışdığını da duymaq və görmək istəmirlər. Rəsmi Bakı xalqımızın özünümüdafiə və torpaqlarını işğalçılardan azad etmək hüquqlarını həyata keçirmək və ərazi bütövlüyünü bərpa etməklə milyona yaxın soydaşımızı doğma Qarabğımıza geri qaytarmaqla fundamental insan haqlarını təmin etməyə çalışması da onları maraqlandırmır…
Havadarlarının, ermənipərəst qüvvələrin “əzabkeş” obrazına bürüdükləri ermənilər nə edirlər? Onlar Polşanın Katovitse şəhərində yerli polyaklarla birlikdə icazəli aksiya keçirən və Ermənistanın törətdiyi Gəncə terroruna etiraz edən azərbaycanlılara hücum edirlər, fiziki zorakılıq tətbiq edirlər və qarşıdurma zamanı həmvətənlərimizə pnevmatik silahlardan atəş açırlar. Oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söyüş yazıblar…
Amma ermənilər sadə həqiqəti anlamırlar. Bu faşist təfəkkürlü naqislər qanmırlar ki, Xocalıda soyqırımı, Bakıda, Gəncədə terror aktları törətməklə, torpaqlarımızı 27 il işğalda saxlamaqla azərbaycanlıların iradəsini sındıra bilməyən erməni caniləri Avropa və ABŞ-da təxribatlar etməklə soydaşlarımızın gözünü qorxuda bilməzlər.
Artıq 1988-ci il deyil. Azərbaycan öz qətiyyətli Prezidenti, Ali Baş Komandanı, müzəffər və rəşadətli Ordusu, mütəşəkkil və vətənpərvər diasporu ilə dünya erməniliyinə də meydan oxumaqdadır. Azərbaycanın Zəfər Günü çox yaxındadır və böyük qələbədən sonra xalqımızın da, Azərbaycan diasporunun da çətin günləri arxada qalacaq. Soydaşlarımıza qarşı cinayətə yol verən hər bir erməni ədalət məhkəməsi qarşısında cavab verməli olacaq.
Xatirə SADİQ,
KONKRET.az