“Bu, İsrailə baha başa gələcək və regionda 30 illik savaş başlayacaq” – ŞOK SSENARİbackend

"Bu, İsrailə baha başa gələcək və regionda 30 illik savaş başlayacaq" - ŞOK SSENARİ

“Trampın çağırışlarına baxmayaraq İsrailin İrana zərbə endirməsi birbaşa olaraq Netanyahunun daxili və xarici siyasət dilemmasından doğur.
Netanyahunun bu addımı atması ilk baxışda ABŞ-la ziddiyyət kimi görünə bilər, amma əslində burada İsrailin milli təhlükəsizlik anlayışında “preventiv zərbə” (önləyici hücum) doktrinasının hökm sürdüyünü görürük”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Bu fikirləri KONKRET.az-a politoloq Tural İsmayılov səsləndirib:

“Netanyahunun əsas motivasiyası İranın hərbi və nüvə potensialının İsrail üçün real və mövcud təhdid kimi qəbul edilməsidir. O, əmin olmaq istəyir ki, sabah çox gec olmadan bu riski indi neytrallaşdıra biləcək. ABŞ-ın, xüsusilə Tramp kimi bir fiqurun çağırışına əhəmiyyət verməmək isə İsrailin artıq regionda “strateji muxtariyyətə” can atdığının göstəricisidir. İllərlə Vaşinqtonun təhlükəsizlik çətiri altında hərəkət edən Təl-Əviv indi daha çox “öz qaydaları” ilə oynamağa çalışır. Amma bu, iki təhlükəni birgə gətirir: birincisi, beynəlxalq hüquq müstəvisində legitimlik problemi; ikincisi, ABŞ daxilində İsrailə olan dəstəyin parçalanması. Bu, xüsusən Demokratlar və bəzi Respublikaçılar arasında Netanyahunun siyasətinə qarşı artan narazılığı gücləndirəcək”.

Ekspertin sözlərinə görə, İsrail bu addımı ilə həm də regionda gərginliyi maksimum səviyyəyə qaldırır:

“İran buna cavab verməyə məcbur qalacaq. Artıq hibrid savaşlar dövrünü keçib, konvension qarşıdurma ehtimalına doğru irəliləyirik. Livan, Suriya və İraq ərazisindən yönələcək cavablar, həmçinin Yəməndən gələn raketlər regional partlayışı alovlandıracaq. Bu isə bir növ “regionun özünün 30 illik savaşına” çevrilə bilər.

İsrail üçün məsələ sadəcə İranla deyil, onun ətrafındakı proksi qüvvələrlə də savaş aparmaq deməkdir. Bəs Netanyahunun bu cəsarətli görünən, amma eyni zamanda riskli qərarı İsrail cəmiyyətində və siyasi səhnəsində necə qarşılanacaq? Daxildə ciddi müxalifət artacaq. Çünki müharibə qərarı təkcə ordu rəhbərliyi ilə yox, həm də cəmiyyətin rifahı və sabitliyi ilə ölçülür. Qəzzada yaşanan humanitar böhran fonunda artıq beynəlxalq cəmiyyətin də təzyiqləri artır və bu zərbədən sonra İsrailin beynəlxalq hüquq qarşısında daha da təcrid olunması qaçılmazdır”.

Tural İsmayılov əlavə edib ki, Poproseslər bundan sonra təkcə hərbi müstəvidə deyil, informasiya savaşı və diplomatik cəbhədə də cərəyan edəcək:

“BMT və digər beynəlxalq institutlar hadisəyə reaksiya verəcək, amma real güc tarazlığı yenə də Vaşinqton-Təl-Əviv oxunun sərt mövqeyi ilə müəyyənləşəcək. Əgər ABŞ-İsrail münasibətində soyuqluq yaranarsa, bu, Netanyahunun tarixdə strateji səhv edən lider kimi damğalanmasına gətirib çıxara bilər. Netanyahunun bu qərarı qısa müddətdə “liderlik” kimi təqdim edilsə də, uzunmüddətli strateji nəticələr İsrailin regional və qlobal mövqeyini zəiflədə bilər. ABŞ-ın çağırışına məhəl qoymamaq həm diplomatik təcrid, həm hərbi eskalasiya, həm də daxili parçalanma fonunda İsrailə baha başa gələ bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*