Son vaxtlar pəhriz saxlamaq haqqında daha çox danışılır və bəzən mövzu həddindən artıq şişirdilir. Bütün yaş qruplarından olan insanlar pəhrizlə bağlı yeri gəldi-gəlmədi fikir mübadiləsi aparırlar. Ən çox isə ət yeməkdən imtina etmək tendensiyası yaranır. Buna görə də, əksəriyyət vegetarian diyetlərinə üstünlük verirlər. Mütəxəssislər hesab edirlər ki, bu qida seçimi heç də hər kəs üçün uyğun deyil.
Beləliklə, ət və balıqdan imtina yaşlı insanlar üçün fəlakətli ola bilər. Bunu ABŞ-dəki yeni tədqiqat işlərinin nəticələri də sübut edir. Kaliforniyanın Loma Linda Universitetinin alimləri orta yaşlı insanlarda vegetarian pəhrizlərin fayda verdiyini müəyyən ediblər. Bu cür pəhriz 65 yaşdan yuxarı olan insanlarda ciddi fəsadlar yarada bilər. Tədqiqatçılar çox yaşlı vegetarianlar arasında insult, demans və parkinson kimi xəstəliklərə tutulma riskinin bir qədər yüksək olduğunu müəyyən ediblər. Bununla belə, balıq pəhrizə əlavə edildikdə, bu risk əhəmiyyətli dərəcədə azalır.“American Journal of Clinical Nutrition”da dərc olunan araşdırmada Kanada və ABŞ-dan olan 30-85 yaş arası 88 000 insanın pəhriz məlumatlarından istifadə edilib. Məlum olub ki, 12,500 ölüm qeydə alınıb.
Subyektlər pəhrizindən asılı olaraq 5 qrupa bölünürlər. Qeyri-vegeterianlar, yarı vegeterianlar, pesko-vegeterianlar (balıq yeyənlər), lakto-ovo-vegeterianlar (süd məhsulları və yumurta yeyənlər) və veqanlar. Klassik vegeterian pəhrizindən istifadə edənlərin xərçəngə tutulma riski ət yeyənlərə nisbətən təxminən 12% azdır. Bununla belə, bitki mənşəli pəhriz saxlayanlarda, eyni zamanda balıq yeyən insanlarda ölüm riski 18% azalıb. Tədqiqatçılar belə bir pəhrizə süd məhsulları və yumurta əlavə etməyin faydalarını araşdırıb və bunun ölüm riskini 15% azaltdığını aşkar ediblər. Heç bir heyvan mənşəli məhsul qəbul etməyən veganların ölüm riski cəmi üç faiz azalıb. 80 yaşlı vegeterianlar arasında isə nevroloji xəstəliklər riski artır.
Həkimlərin fikirincə yaşlı insanlar pəhrizlərinə diqqətli olmalı, lakin heç bir radikal hərəkət etməməlidirlər. Beləliklə, ətin həftədə 1-2 dəfə yeyilməsinə icazə verilir. Təbii ki, pəhrizə meyvə və tərəvəz, eləcə də tam taxıl məhsulları əlavə etmək vacibdir. Lakin heyvan mənşəli qidaların bütün qruplarından kəskin imtina yaşlı insanın sağlamlığına son dərəcə mənfi təsir göstərə, qida maddələrinin ciddi çatışmazlığına səbəb ola bilər. Ona görə də pəhriz saxlayanda diqqətli olmaq lazımdır.
Vəli Həsənoğlu,
KONKRET.az