Avropa Kimya Agentliyi (ECHA) etanolu (etil spirti) kanserogen kimi təsnif etməyi planlaşdırır. Bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə dərc edib. Sənəddə etil spirtinin xərçəng və hamiləlik zamanı ağırlaşma riskini artıran zəhərli maddə kimi qiymətləndirildiyi qeyd olunub. Bu qərar qüvvəyə minərsə, etanolun səhiyyə müəssisələrində istifadəsinə qadağa qoyula bilər.
Maraqlıdır, etanol doğrudanmı xərçəng yarada bilər və onun istifadəsinə qadağa qoyulması virus və bakteriyalara qarşı mübarizəyə necə təsir edər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, etanol tibbdə və gündəlik həyatda ən çox istifadə edilən maddələrdən biridir:
“Etanol təkcə tibbdə deyil, həm də bir çox dərmanların, kosmetik vasitələrin, təmizlik məhsullarının və boyaların tərkibində geniş istifadə olunur. Etanol normadan artıq istifadə olunduqda DNT-yə zərər vurur. DNT zədələndikdə hüceyrələrin normal bölünməsi pozulur və bu da xərçəng riskini artırır.”
Onkoloq vurğulayıb ki, etanolun tibbdə dezinfeksiya və gigiyenik məqsədlərlə istifadəsi təhlükə yaratmır:
“Tibbi məqsədlərlə istifadə olunan miqdarlar çox aşağıdır və insan orqanizmi üçün risk daşımır. Amma uzunmüddətli və həddindən artıq məruz qalma, xüsusilə spirtli içkilər vasitəsilə, xərçəng hüceyrələrinin yaranma ehtimalını artıra bilər.”
Fərid Museyibovun sözlərinə görə, etanolun dezinfeksiya vasitəsi kimi qadağan edilməsi virus və bakteriyalara qarşı mübarizədə ciddi problemlər yarada bilər:
“Etanolun antiseptik kimi istifadəsi tibbdə vacib rol oynayır. Onun istifadəsinə qadağa qoyularsa, alternativ maddələrin tapılması və təsir gücünün təmin olunması çətin olacaq.”
Aynurə İsmayıl
KONKRET.az