“Bura dalaşmağa gəlmisən?” – Su üstündə dava düşdübackend

“Bura dalaşmağa gəlmisən?” - Su üstündə dava düşdü

Siyəzən rayonunda 2000-ci il təvəllüdlü Tərlan həmyerlisi Azəri bıçaqlayıb.

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, Tərlan 2025-ci ilin martın 30-da, saat 19 radələrində yaşadığı kənd ərazisində “məktəbin yanı” adlanan ərazidə həmkəndlisi Azərlə rastlaşıb. Həmin gün Azərin birgə istifadə etdikləri su xəttini özünün çəkdirdiyini və sudan artıq istifadə etməməsini deyib, onun ünvanına nalayiq ifadələr işlədib.

Bu məsələyə aydınlıq gətirmək üçün Tərlan martın 31-də, saat 10 radələrində Azərə zəng vurub, onunla görüşmək istədiyini bildirib. Azər iri buynuzlu heyvanlarını otardığı Siyəzən rayonu, Daşlı Çalğan kəndi ərazisində yerləşən “Boyağlı dərə” adlanan yerdə olduğunu bildirdikdə sonra həmin yerə gedib. Orada Tərlan Azərlə söhbət edərkən onun yenidən onu təhqir etməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Tərlan özündə olan ov bıçağı ilə Azərin bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub.

Tərlanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib.

Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, martın 30-da, axşam saatlarında bibisi oğlu Pərviz ilə Azərin arasında su üstündə mübahisə yaranıb: “Mən dəfələrlə Pərvizə və Azərə bildirdim ki, belə bir xırda məsələyə görə mübahisə etməsinlər. Lakin Azər mənə nalayiq ifadələrlə kobud formada cavab verdi. Mən isə həmin vaxt əsəbi oldum və oradan uzaqlaşdım. Növbəti gün, günorta saatlarında Azərə zəng etdim və harada olduğunu soruşdum. O, olduğu yeri dedi. Mən də onun yanına getdim. Azər mənə “bura dalaşmağa gəlmisən yoxsa söhbət etməyə?” deyə sual verdi. Mən də dedim ki, necə istəyirsən, elə olsun. Bu zaman Azər əlində olan çubuqla məni vurdu. Sonra cibimdəki bıçağı çıxardım və ona zərbələr vurdum. Sonra oradan uzaqlaşaraq kəndə tərəf getdim. Yolda olarkən bibimoğluna zəng etdim və Azəri bıçaqla vurduğumu dedim”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə cinayət təqibinə xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*