Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması… – Fidanbackend

Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması… – Fidan

Mühüm əhəmiyyətə malik Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində önəmli irəliləyiş əldə olunub.

KONKRET.az “report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edərkən deyib.

O, Türk dünyasının artıq regional balansları formalaşdıran əsas aktora çevrilməsinin vacibliyini vurğulayaraq bildirib ki, TDT-nin ən böyük gücü üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın getdikcə dərinləşməsindədir.

H. Fidan qeyd edib ki, regional və qlobal çağırışlar qarşısında Türk dünyasının daha sıx bir araya gələrək harada mövqe tutmalı olduqlarını və birgə hansı addımların atılacağını vaxtında müzakirə etmələri vacibdir. O, TDT-nin 12-ci Zirvəsinin əsas mövzusunun “regional sülh və təhlükəsizlik” olduğunu xatırladaraq bunun ortaq coğrafiyanın gələcəyi baxımından ən əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, davamlı sülh və uzunmüddətli sabitlik yalnız təşkilat üzvləri arasında fasiləsiz koordinasiya və tərəfdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər. Fidan əlavə edib ki, hədəfə çatmağın yolu geosiyasi məsələlərdə əlaqəli hərəkət etməkdən, beynəlxalq platformalarda əməkdaşlığı möhkəmləndirməkdən və kritik məsələlərdə dünyaya vahid səslə çıxış etməkdən keçir.

Türkiyə XİN başçısı Şimali Kipr Türk Cümhuriyyətinin 2022-ci ildə TDT-yə müşahidəçi üzv kimi qoşulmasının Türk dünyasının birliyini gücləndirdiyini vurğulayaraq Türk dünyasının ayrılmaz hissəsi olan Kipr türklərinin üzləşdiyi ədalətsiz izoliyasiyaların aradan qaldırılması və onların hüquqlarının tanınmasının ortaq məsuliyyət olduğunu qeyd edib.

O, mühüm əhəmiyyətə malik Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində də mühüm irəliləyiş əldə olunduğunu bildirib. Fidan Azərbaycan və Ermənistanın avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda imzaladıqları Birgə Bəyanatı məmnunluqla qarşıladıqlarını bir daha bəyan edib.

Nazir əlavə edib ki, əldə olunan bu pozitiv dinamika regionda yeni nəqliyyat və rabitə xətlərinin açılmasına, həmçinin tarixi İpək Yolu marşrutunun dirçəldilməsi səylərinə töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*