Mövcud bahalaşma fonunda əhalini ən çox narahat edən məsələlərdən biri də çörəyin qiymətidir. Xüsusilə, son illərdə un məmulatlarında müşahidə olunan ardıcıl artımlar 2026-cı ildə çörəyin yenidən bahalaşacağı ilə bağlı sualları gündəmə gətirib. Maraqlıdır, gələn il çörəyin qiyməti arta bilərmi?
Bu barədə KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, son illərdə un məmulatları, xüsusilə də çörək üzrə qiymətlərdə tədrici artım müşahidə olunur.
“İki il əvvəl 50–60 qəpik aralığında satılan çörəyin qiyməti hazırda 90–95 qəpiyə çatıb. Çörək daim dövlətin diqqətində olan strateji məhsuldur və qiymətlərin kəskin artmaması üçün dövlət dəstəyinin 2026-cı ilə qədər davam edəcəyi gözləniləndir. Bu baxımdan ciddi bahalaşmadan danışmaq çətin olsa da, mərhələli artım ehtimalı mövcuddur”.
Ekspert mümkün qiymət artımını bir sıra amillərlə əlaqələndirib:
• logistika və enerji daşıyıcılarının bahalaşması,
• istehsal və daşınma xərclərinin artması,
• sektorda əməkhaqlarının yüksəlməsi,
• inflyasiya təzyiqləri,
• un istehsalında xarici asılılıq.
“Çörəyin əsas xammalı olan unun böyük hissəsi xaricdən idxal edilir və yerli istehsal tələbatı tam ödəmək gücündə deyil. Bu isə xarici bazarlarda qiymət artımının birbaşa olaraq çörəyin maya dəyərinə təsir göstərməsinə səbəb olur”.
V.Oruc vurğulayıb ki, dövlət sosial siyasət çərçivəsində çörəyin qiymətinin kəskin artmasının qarşısını almağa çalışacaq:
“Dövlət ya qiymət artımının minimum səviyyədə qalmasına çalışacaq, ya da əməkhaqları və sosial müavinətlərin artırılması yolu ilə bu artımı kompensasiya edəcək. Çünki çörəyin qiymətindəki dəyişiklik yoxsulluq səviyyəsinə ciddi təsir göstərir”.
Faiz göstəricilərinə toxunan ekspert bildirib ki, əgər dövlət subsidiyaları olmasa, mövcud xərclər nəzərə alınmaqla 2026-cı ildə çörəyin qiyməti hətta 50 faizə qədər arta bilər. Lakin subsidiyaların davam edəcəyi halda qiymət artımının 5–10–15 faiz civarında olacağı gözlənilir.
Sonda V.Oruc bildirib ki, 2026-cı ildə dövlət dəstək resursları məhdud olsa da, çörəyin Azərbaycan cəmiyyətində strateji və sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə yardım siyasətinin davam etdirilməsi gözlənilir:
“Çörəyin qiyməti bazar münasibətlərinin və sərbəst tənzimləmənin ümidinə buraxılmayacaq. Əks halda qiymət artımı daha yüksək ola bilər”.
Aynurə İsmayıl
KONKRET.az

