Dənizdən cinsi infeksiya keçə bilər? — Həkim açıqladıbackend

Dənizdən cinsi infeksiya keçə bilər? — Həkim açıqladı

İddialara görə, qadınlar çimərlikdə, xüsusilə, dəniz suyu və ya hovuz vasitəsilə müxtəlif cinsi infeksiyalara yoluxa bilərlər. Bu səbəbdən bir çox insan yay mövsümündə dənizə və ya hovuza getməyin sağlamlıq üçün riskli olduğunu bildirir. 

Çimərlikdə cinsi infeksiyalara yoluxmaq tibbi baxımdan mümkündürmü? Belə hallardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

KONKRET.az xəbər verir ki, Ginekoloq Elnurə Salmanova Demokrat.az-a açıqlamasında deyib ki, dənizdə çimməklə qadınlara cinsi yolla ötürülən hər hansı infeksiyanın keçməsi tibbi baxımdan mümkün deyil:

“Bu barədə yayılan iddialar elmi əsaslara söykənmir və daha çox yanlış təsəvvürlərdən qaynaqlanır. Eyni zamanda, dəniz suyundan göbələk infeksiyasına yoluxmaq da real risk hesab edilmir. Çünki duzlu su göbələklərin yaşaması və çoxalması üçün əlverişli mühit deyil. Bu tip infeksiyalara daha çox gigiyenik qaydalara kifayət qədər əməl olunmayan hovuzlarda rast gəlinə bilər”.

Ginekoloqun sözlərinə görə, dəniz suyunun özü cinsi yolla ötürülən infeksiyaların mənbəyi deyil:

“Nadir hallarda çirkli su ilə təmas bəzi həzm sistemi infeksiyalarına, məsələn ishala səbəb ola bilər. Lakin cinsi infeksiyaların dəniz suyundan keçməsi mümkün deyil. Məhz buna görə də həkimlər hamilə qadınlara belə, əks-göstəriş olmadığı halda dənizdə çimməyi tövsiyə edirlər. Hovuzlarda isə gigiyena və suyun dezinfeksiyası ilə bağlı risklər nəzərə alındığından daha ehtiyatlı olmaq məsləhət görülür”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən infeksionist Aytən Ziyadovanın fikrincə, çox insan düşünür ki, dəniz suyu, qum və ya hovuz vasitəsilə cinsi yolla keçən infeksiyalara yoluxmaq mümkündür:

“Amma bu, əksər hallarda doğru deyil. HİV, sifilis, xlamidiya kimi infeksiyalar əsasən cinsi əlaqə və selikli qişaların təması ilə ötürülür. Dəniz və ya hovuz suyundan bu infeksiyaların yoluxması elmi olaraq sübut olunmayıb. Amma çimərlikdə başqa infeksiyalar üçün risk arta bilər. Xüsusilə yaş mayoda uzun müddət qalmaq sidik yolları infeksiyalarının yaranmasına şərait yarada bilər. İsti və nəm mühit isə vaginal göbələk infeksiyalarının inkişafı üçün əlverişli şərait yaradır. Bundan əlavə, ortaq dəsmal, şezlonq və ya gigiyenası zəif hovuzlar vasitəsilə dəri göbələkləri və bəzi dəri infeksiyaları keçə bilər. Çimərlikdən sonra sadə qaydalara əməl etmək kifayətdir.

Yaş mayonu tez dəyişin, duş alın, quru geyim geyinin, öz dəsmalınızdan istifadə edin və intim gigiyena zamanı həddindən artıq yuyucu vasitələrdən istifadə etməyin. Əgər qaşınma, yanma, qeyri-adi ifrazat və ya ağrı kimi əlamətlər yaranarsa, bunu sadəcə “dənizdən oldu” kimi qəbul etməyin. Səbəbi dəqiqləşdirmək üçün həkim müayinəsindən keçmək vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*