“Dabaq xəstəliyi kərə yağı və süd vasitəsilə insanlara keçmir. Keyfiyyətsiz, xəstə heyvandan alınan məhsul eyni zamanda posterillizasiya olunmadıqda sağlamlıqda digər problemlər yaradır. Hər bir halda mütləq mənşəyi bəlli olan, doğru şəkildə emal edilən məhsulların alınması tövsiyə edilir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
“Dabaq xəstəliyinə görə kərə yağı, yaxud süd və süd məhsullarının birinci növbədə mənşəyi bəlli olan, dövlət nəzarətindən keçən yerlərdən alınmasına diqqət edilməlidir. Ev şəraitində hazırlanan, yaxud bazarlarda açıq şəkildə, çəki ilə satılan yağlar, süd məhsulları hər zaman riskli məhsullar sırasındadır. Çünki belə məhsulların hansı şəraitdə hazırlanması, doğru emal prosesini keçib-keçməməsi, hazırlanan südün doğru temperatura qədər posterillizasiya olunması ilə bağlı məqamlar şübhə altında olur. Belə halda təbii ki, məhsulda heyvandan insana keçə biləcək bir çox virus və bakteriya mənşəli xəstəliklərin olması mümkündür. Məhsulla bağlı məlumatların əldə edilməsində hansısa çətinlik varsa, həmin məhsulu almaq tövsiyə olunmur. Emal prosesi texniki emala məruz qalmayıbsa, bu zaman da həmin yağ düzgün saxlanılmadıqda belə keyfiyyəti aşağı düşür. Bu da sağlamlıq üçün ciddi fəsadlara gətirib çıxara bilər. Xüsusilə, şübhəli yağ və süd məhsullarını almaqdan çəkinmək lazımdır. Bu kimi məhsulları alarkən üzərində mütləq istehsal tarixi, son istifadə müddəti, posterillizasiya qeydi ilə bağlı məlumatlara baxmaq lazımdır. Yaxud keyfiyyət sertifikatı, saxlama temperaturu, tərkibi qeyd olunmalıdır. Məhsulun satışı saxlama temperaturuna uyğun şəkildə həyata keçirilməlidir. Soyuducuda yağlar və süd məhsulları ət və digər məhsullarla saxlanılmamalıdır, çünki bu, onun çarpaz çirklənməsinə gətirib çıxara bilər”, – M.Hüseynova deyib.
