Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir. Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bankın inflyasiya proqnozu elə də böyük deyil. O bildirib ki, son illərdə də ölkə üzrə inflyasiya göstəricisi təqribən elə bu səviyyədədir: “Amma görürsünüz ki, vətəndaşlar qiymət artımının olduğunu bildirirlər. Çünki Mərkəzi Bank bu inflyasiya göstəricisini sayanda xeyli sayda malların qiymətini sayır. Amma adi vətəndaş bu qədər mal almır axı. Gündəlik tələbatına uyğun olaraq alır. Onların qiyməti isə daha çox artır. Sadəcə, insanların az aldığı, geniş tələbatın olmadığı digər malların qiyməti artmır. Bu səbəbdən orta statistik götürüləndə belə çıxır ki, qiymətlər elə də çox artmayıb. Məsələn, 10 malın qiyməti heç artmayıb, bir malın qiyməti isə 10 % artıb. Üst-üstə gəldikdə isə deyilir ki, ölkə üzrə 1 % artıb. Niyə? Çünki 10 mal üzrə deyilir. Sözsüz bu baxımdan, əlbəttə, bahalaşma olacaq. Buna uyğun da gedilir. Təkcə Azərbaycanda belə deyil…”
