ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq direktoru Devid Petreus Ukraynadakı vəziyyətlə bağlı nikbin açıqlamalar verib. Onun sözlərinə görə, son həftələrdə bir sıra müsbət hadisələr baş verib – xüsusilə Prezident Zelenski ilə Donald Tramp arasında Romadakı görüş və faydalı qazıntılarla bağlı əldə olunmuş razılaşma xüsusi əhəmiyyət daşıyır.
KONKRET.az xəbər verir ki, Petreus bildirib ki, ABŞ-dan Ukraynaya silah tədarükləri hələ də sabit şəkildə davam edir və bu prosesin ən azı daha 4-6 ay çəkəcəyi gözlənilir. O qeyd edib ki, ötən illə müqayisədə Ukrayna ordusu artıq ağır artilleriya sursatı baxımından ciddi məhdudiyyətlərlə üzləşmir.
Eks-kəşfiyyatçı həmçinin Ukrayna ordusunun texnoloji yeniliklər sahəsində irəliləyişlərini də vurğulayıb. O, “Nemesis” pilotsuz sistemlər polku ilə keçirdiyi görüşdən danışaraq, hava və dəniz dronları sahəsində əldə olunan nailiyyətləri qeyd edib. Petreusun sözlərinə görə, Ukraynaya məxsus dəniz pilotsuz aparatlarından biri iki zenit raketi buraxaraq Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki Su-30 qırıcı təyyarəsini məhv edib.
“Bütün bu faktorlar olduqca vacibdir,” – deyə Petreus əlavə edib.
Natiq Səlim,
KONKRET.az