Eldar Əzizov istefa versin – Çünki yağan yağış deyil, məmur məsuliyyətsizliyidirbackend

Eldar Əzizov istefa versin - Çünki yağan yağış deyil, məmur məsuliyyətsizliyidir

Yağış Bakıya yox, sanki vətəndaşların əsəblərinə yağır. Damcılar yerə yox, birbaşa səbrimizin üstünə düşür. Bəlkə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı istefa versə, millətin əsəblərinə də yağışdan pay düşər, su çilənər.

Hər dəfə eyni bəhanə ilə səhnəyə çıxan qurumlar “yağıntı normadan artıqdır” deyir. Sanki yağış meteoroloji hadisə yox, qəfil təşkil olunmuş təxribatdır.

Bir vaxtlar torpaq bol məhsul versin deyə, insanlar yağış üçün dua edirdi. İndi isə yağış başlayanda dua edirlər ki, evə çata bilsinlər. Təbiətin neməti, şəhər idarəçiliyinin bacarıqsızlığında cəzaya çevrilib. Allah nur çiləyir, biz isə o nurda boğuluruq. Allahı da yağış yağdırdığına peşman edirlər.

Cənab prezidentimiz İlham Əliyev belə məsələlərlə bağlı müşavirə keçirdi. Yuxarıdan tapşırıq verildi.
Amma aşağıda yenə eyni mənzərə: su dolu küçələr, hərəkətsiz həyat və sonsuz səssizlik.

Bir şəhər düşünün ki, yağış başlayanda insanlar romantika yox, marşrut planı qurur:

“Hansı küçə batmayıb?”, “Hansı yol hələ sağdır?” Bakı artıq paytaxt yox, mövsümi akvaparkdır – giriş pulsuz, çıxış isə bəxtə bağlıdır. Sanki yağış yox, məsuliyyət kanalizasiya ilə birlikdə yoxa çıxır.

Qurumlar elə şərait yaradıblar ki, ilahi nemət belə Bakıya düşəndə “fövqəladə xəbər”ə çevrilir.

Əslində məsələ yağış deyil. Problem odur ki, bu şəhərdə hər damcı su yox, hər damcı məsuliyyətsizlik yığılır. Və görünür, biz hələ uzun müddət “hava şəraitini” günahlandıran sistemlə yaşamalı olacağıq.

Çünki artıq Bakıda yağan yağış arzuolunmaz problemlərin xəbərçisinə çevrilib.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*