ABŞ və İsrailin İrana qarşı hərbi və siyasi təzyiqlərinin artdığı bir dövrdə regionda gərginlik yeni mərhələyə daxil olur. Xüsusilə dünya enerji təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyan Hörmüz boğazı üzərində nəzarət məsələsi artıq yalnız regional deyil, qlobal güc balansının əsas faktorlarından birinə çevrilib. İranın assimmetrik imkanlar vasitəsilə bu strateji üstünlüyünü qoruyub saxlaması isə beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradır.
Bəs bu vəziyyət uzunmüddətli perspektivdə Qərbin Yaxın Şərq siyasətini dəyişməyə məcbur edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, prosesin uzanması avtomatik olaraq yeni aktorların meydana çıxmasına şərait yaradır:

Əziz Əlibəyli
“Problemin həlli uzandıqca, prosesə digər aktorların cəlb olunması artır və onlar da maraq daşıyıcılarına çevrilir. Fevral ayından başlayan əməliyyatlar konkret nəticə vermədikdə, yekunda müxtəlif maraqların uzlaşdırılması prosesi işə düşür. Hörmüz boğazı isə bu baxımdan əsas strateji düyün nöqtələrindən biridir”.
Ekspert qeyd edib ki, İranın tətbiq etdiyi assimmetrik mübarizə üsulları onun əsas üstünlüklərindən biridir:
“Bu, qeyri-bərabər güclərin alternativ vasitələrlə təsir göstərməsi modelidir. İranın əsas üstünlüklərindən biri də dron texnologiyalarıdır. Bu vasitələr həm prosesi uzadır, həm də regionda təzyiqi artırır. Eyni zamanda Tehran danışıqlar masasında əlavə təsir rıçaqları əldə edir”.
Ə. Əlibəylinin sözlərinə görə, bu vəziyyət təkcə regionla məhdudlaşmır, qlobal təsirlər doğurur:
“Dünya enerji daşıyıcılarının təxminən 20 faizi bu marşrutdan keçir. Bu isə xüsusilə Hindistan və Çin kimi böyük istehlakçılar üçün ciddi risklər yaradır. Nəticədə qlobal kommunikasiya xətlərinin dəyişməsi qaçılmaz ola bilər”.
Siyasi şərhçi hesab edir ki, hazırkı mərhələdə prosesin yekun nəticəsi barədə danışmaq tezdir:
“Hazırda prosesin A nöqtəsindən B nöqtəsinə çatdığını demək mümkün deyil. Bu isə həm regional, həm də qlobal səviyyədə qeyri-müəyyənliyin davam etdiyini göstərir”.
Mütəxəssis əlavə edib ki, İranın strateji üstünlüklərini qoruyub saxlaması Qərbi daha çevik və alternativ siyasət axtarışlarına sövq edə bilər. Bu isə uzunmüddətli perspektivdə Yaxın Şərqdə yeni güc balansının formalaşmasına gətirib çıxara bilər.
Aynurə İsmayıl
KONKRET.az
