Elə yeyin ki, bayrama ZƏHƏR deyil, DAD qatın – MƏSLƏHƏTbackend

Elə yeyin ki, bayrama ZƏHƏR deyil, DAD qatın - MƏSLƏHƏT

Qarşıdan Yeni il gəlir və bayramla əlaqədar olaraq dekabrın 31-dən yanvar ayının 7-dək ölkəmizdə qeyri-iş günüdür. Sözsüz ki, bu günlərdə hər yerdə və hər evdə bayram tədbirləri keçiriləcək, süfrələr açılacaq və insanlar istər-istəməz gündəlik qida normalarını aşacaqlar. Amma etiraf edək ki, hər birimiz əsasən bayram günlərində əziz və doğmalarımızla zəngin süfrə arxasında əyləşdiyimizdən bu barədə düşünmək belə istəmirik.

KONKRET.AZ-a açıqlama verən dietoloq Şəfa Yadigarova isə hesab edir ki, əksinə, bayram günlərində düzgün qidalanmağımıza adi günlərdən daha çox fikir verməliyik:

– Xalqımız, xüsusən, bayram günlərində süfrələrini müxtəlif dadlı təamlarla bəzəməyi çox xoşlayır. Və mən bir dietoloq kimi onlara nə qədər “az yeyin” desəm də, bir nəticə olmayacaq. Sadəcə əsas tövsiyəm o ola bilər ki, süfrələri bol görüb yeməkləri bir-birinə qarışdırmasınlar. Yağlı yeməkləri, müəyyən salatları, müxtəlif şirniyyatları birdəfəyə yemək qəti məsləhət deyil. Yəni süfrə arxasına keçəndə daha çox nəyi iştahları çəkirsə, məsələn, salata meylləri varsa, ancaq salatlar və yaxud zülallı yeməklər istəyirlərsə, kabab, balıq, qovurma, yaxud da ancaq şirniyyatlar yesinlər. Belə olmadığı halda insanlarda ürəkbulanma, mədə-bağırsaq pozğunluğu, ishal və s. hallar yarana bilər. İnsanlarımız nəzərə almalıdırlar ki, bayram bir gün deyil, günlərlədir. Yəni yeməkləri günlər üzrə də bölmək olar, hər gün birindən istifadə etməklə çox yaxşı bayram ənənəsi yaşaya bilərik.

İnsanların bu günlərdə tortlardan və içkilərdən daha çox istifadə etdiyinə diqqət çəkən dietoloq onların istifadəsi zamanı da diqqətli olmağı vacib hesab edir:

– Tort və şirniyyatları qəbul edən zaman fikir verməli olduğumuz əsas məsələ az yağlı olmalarıdır. Əgər bayram boyunca şirniyyat süfrəsinə dəvət olunacaqlarsa, mütləq dietik, məsələn, yulaflı peçenyelərə, az yağlı çizkeklərə üstünlük versinlər. Bu arada qidaların üstündən içilən içkilərə də ciddi diqqət yetirmək lazımdır. Məsləhətdir ki, insanlar qazlı içkilərdən uzaq dursunlar, əvəzində isə əsasən kompotlardan (ev şəraitində quru meyvələrdən də kompotlar hazırlamaq olar), təbii şirələrdən maye kimi istifadə etsinlər. Qeyd edək ki, zəngin süfrə arxasında qazlı içkilərin qəbulu insanda köp və bağırsaqlarda diskomfort yaradır, az yesələr də, özlərini çox yemiş kimi hiss edirlər. Çox zaman bayramlarda yemək süfrəsi ilə çay süfrəsinin də bir arada təşkil olunduğunu görürük. Lakin yaddan çıxarmaq lazım deyil ki, şirniyyatla çay içmək elə bir öyün yeməyə bərabərdir. Ona görə də bunu yeməyin ardınca yox, ara öyünlərdə qəbul etmək daha doğru olar. Ümumiyyətlə, yemək mədəniyyəti baxımından yağlı yeməklərin yanında çay içmək doğru deyil.

Tortlara gəlincə, yaxşı olar ki, insanlar ilk olaraq onları alan zaman diqqətli olsunlar. Yəni tam keyfiyyətli məhsullardan hazırlanan mallara üstünlük verməklə həm özlərinin, həm də qonaqlarının sağlam qidalanmasını təmin etmiş olarlar.

Tam keyfiyyətli şirniyyatları necə ayırd etmək məsələsinə gəlincə, Lola Cake Baku şirniyyat mağazasının rəhbəri Vüsalə Hacıyevanın fikrincə, burada əsasən malların hazırlanmasında istifadə olunan məhsullara diqqət yetirilməlidir. Bunu ilk baxışda təyin etmək asan olmasa da, hansısa firmanın məhsulunu bir dəfə dadmaqla onun keyfiyyəti barədə müəyyən fikrə gəlmək olar. Şirniyyatların və əsasən də tortların hazırlanmasında əsl kərə yağlarından istifadə mütləqdir ki, onların keyfiyyətinə zəmanət olsun. Sözsüz ki, əsl kərə yağı ilə hazırlanan şirniyyatlar baha başa gəldiyi üçün bir çox firmalar ucuz yağlara üstünlük verirlər. Yəni malın qiyməti də bir növ keyfiyyətindən xəbər verir. Təbii ki, istehsal prosesində təkcə kərə yağıyla iş bitmir, burada təbii baldan, keyfiyyətli meyvə qurularından, malçipanlardan istifadə əsas şərtdir. Belə keyfiyyətli məhsullardan hazırlanan malların qiymətləri baha olur, ancaq onların bir dilimində olan kalori digər aşağı tərkibli şirniyyatlarda olmur. Sözüm odur ki, insanlar ucuz tort və şirniyyatları alıb daha çox istifadə etməkdənsə, bahalı və daha keyfiyyətli məhsullara pul xərcləyib az yeməklə daha sağlam qidalansalar yaxşıdır.

Beləliklə, biz deyilənlərə əmək etməklə, yeni ilə daha yüksək əhval-ruhiyyə ilə qədəm qoymuş olarıq. Bunlara əməl etmək isə o qədər də çətin məsələ deyil, yetər ki, nəfsimizə hakim olaq.

Hazırladı: Sevinc PAŞAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*