Son illərdə bir çox insan siqareti tərgitmək məqsədilə elektron siqaretlərə üz tutur. Bu məhsullar hər nə qədər “daha təhlükəsiz alternativ” kimi təqdim olunsa da, yaxın aparılan bir tədqiqat elektron siqaretlərin heç də zərərsiz olmadığını üzə çıxarıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, ABŞ-ın Corciya Universitetinin alimlərinin apardığı araşdırmada siqaret və elektron siqaret istifadəsinin şəkəröncəsi (prediabet) və 2-ci tip diabetlə əlaqəsi öyrənilib.
Genişmiqyaslı tədqiqat nəticəsində məlum olub ki, elektron siqaretlər də diabet riski yaradır. Ənənəvi siqaret istifadə edən şəxslərdə şəkəröncəsi riskinin 15 faiz artdığı müəyyən olunub. Elektron siqaret istifadəçilərində isə bu risk 7 faiz təşkil edib. Bundan əlavə, elektron siqaret çəkənlərdə qısa müddət ərzində insulin müqaviməti və çəki artımı müşahidə olunub.
Həm adi siqaret, həm də elektron siqaret istifadə edən şəxslərdə risk göstəricisi 28 faizə qədər yüksəlib.
“ASH” (Action on Smoking and Health) təşkilatının məlumatına görə, təkcə Böyük Britaniyada 5 milyondan çox insan elektron siqaretdən istifadə edir. Tədqiqatçılar bildirirlər ki, bu şəxslərdə izaholunmaz çəki itkisi, qaşınma, çoxlu susuzluq və daim yorğunluq kimi 2-ci tip diabetin ilkin əlamətlərinin yaranma riski artır.
Araşdırma həmçinin bəzi demoqrafik qruplarda şəkəröncəsi və diabet riskinin daha yüksək olduğunu göstərib. Xüsusilə qaradərili və asiyalı şəxslərin, ağdərililərlə müqayisədə siqaret və ya elektron siqaret istifadə etdikləri halda daha çox risk altında olduqları qeyd olunub.