Ölkədə elmə təmənnasız xidmət edən, qazancının son qəpiyini belə, yazdığı kitabların çapına xərcləyən neçə alim tanıyırsınız? Çox az adamın adını çəkmək olar bu sırada; 3-5 nəfər ola, ya olmaya… Olanlar da təəssüf ki, üzdə deyil, kölgədə qalıblar. Tanıyanları da azdır, tanıdanları da… Ömrünü elm yolunda şam kimi əridən, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin teatrla bağlı fəaliyyətinin ilk araşdırmaçısı Məsməxanım Qubadova kimi…
Qısa arayış: Məsməxanım Məmmədhəsən qızı Qubadova 1946-cı ildə Salyan şəhərində anadan olub. 1974-79-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alıb. Təhsilini başa vurduqdan sonra elə həmin universitetdə baş müəllim vəzifəsinə qədər pedaqoji yol keçməklə, həyatının 45 ilini səhnə sənətinin tədrisi prosesinə həsr edib. Altı kitabın, bir neçə monoqrafiyanın müəllifidir. 2003-cü ildə “Azərbaycan teatrında romantizm” mövzusunda müdafiə etdiyi sənətşünaslıq üzrə namizədlik dissertasiyası ilə görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin teatrla bağlı fəaliyyətini ilk dəfə araşdıraraq, teatrşünaslıq elmində yeni bir səhifə açıb. Onun “Əli bəy Hüseynzadə və teatr” adlı monoqrafiyası bu baxımdan çox əhəmiyyətli vəsaitdir.
Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İctimai Birliyi cümhuriyyətimizin 105-ci ildönümü ilə əlaqədar görkəmli alimlə ADMİU-nun tələbə-müəllim heyətinin görüşünü təşkil edib.
M.Qubadova görüşdə cümhuriyyət tariximiz və qurucularımız barədə bilgilərini bölüşüb, elmi araşdırmalarında söykəndiyi tarixi faktlardan bəhs edib, onu bu araşdırmalara sövq edən maraqlı məqamlara diqqət çəkib.
KONKRET.az Məsməxanım Qubadovanın həyat və yaradıcılığı ilə bağlı maraqlı xatirələrini oxucuların da diqqətinə çatdırır.
Çox nümunəvi insanlar idi o dövrün kişiləri…
Müstəqilliyimizin ilk illəri idi. Universitetimizə (ADMİU – red.) Əli bəy Hüseynzadənin adını yenicə qoymuşdular. O vaxt hələ onun haqqında kitab yazmamışdım. Həmin vaxt müəllim və tələbələr çaşıb-qalmışdılar ki, Əli bəy Hüseynzadə kimdir. Günlərin birində kafedramızın bir müəllimi hirslə içəri girib dedi ki, “kakoy-nibud” Əli bəy Hüseynzadənin adını qoydular universitetə, gül kimi kişinin adını çıxardılar”. Bizim universitet də əvvəl Mirzəağa Əliyev adına idi. “Kakoy-nibud” sözü onda mənə sillə kimi dəydi. Çünki rəhmətlik atam 14 yaşım olanda elə bir söz demişdi ki…
7-ci sinifdə oxuyurdum. Dərsdən gəlib, çörəyimi yeyib qaçmışdım kitabxanaya. Əlimdə Drayzerin “Dahi”si qapıdan içəri girdim. “Dahi”ni də bilirsiniz, necə qalın kitabdır. Anamla atam iş-gücdən yorulub həyətdə oturmuşdular. Anam dedi ki, “bu qız gecə də, gündüz də başından böyük kitablar oxuyur, axırda ya kor olacaq, ya da ki, dəli”. Atam çox savadlı və maarifçi insan idi. Dedi, “qızım, gəl görüm, nə oxuyursan?”. Kitabı gətirib göstərdim, xeyli fikrə getdi. Mən də üzünə diqqətlə baxırdım ki, görüm ağzından bir kəlmə nəsə çıxar, yazaram onu sinəmə. Dedi, “hə, bizim də bir dahimiz var idi, imkan vermədilər, çıxdı, getdi”. Soruşdum ki, “dədə, kim idi o?”. Dedi, “sən tanımazsan”. Evdə siyasətlə bağlı bir kəlmə danışmazdı. Çox təkid elədim, sonra bir kəlmə dedi ki, evləri filan küçədə yerləşirdi. Kitabxanasını öküz arabaları ilə daşıyıb apardılar. Şeyx nəslindən idi. Adı Əli bəy Hüseynzadə, özü də DAHİ. O vaxt atamın dediklərini beynimə yazdım.
Atam 1907-ci ildə doğulmuşdu. Kitabxananı 1921-ci ildə daşıyıblar Salyandan. O vaxt yeniyetmə olub, kitablar daşınanda məhəllə uşaqları ilə birlikdə dayanıb baxırmışlar. Qədim kitabları, əlyazmaları Bakıya arxivə yerləşdirmək adıyla öküz arabalarında daşıyırmışlar. Amma bəlkə də aparıb haralardasa yandırıb məhv ediblər. Atam başqa suallarıma cavab vermədi o vaxt. Özü də tapşırdı ki, “heç yerdə danışma, Əli bəyin adını çəkmə”. Çünki qorxurdu, qadağan olunmuşdu.
Sonra mən orta məktəbin yuxarı siniflərində müəllimlərimdən eşidirdim ki, Əli bəy Hüseynzadə mürtəce romantizmin banisi olub, davamçıları 1937-ci ildə məhv ediliblər və s. və i. O vaxtlar öz-özümə fikirləşirdim ki, görəsən, atam yalan danışır, yoxsa müəllimim?
Sonra universitetə daxil oldum. Orada da ədəbiyyat dərslərində Əli bəy Hüseynzadə haqqında eyni sözləri eşitdim. Heyf ki, atam 20 yaşım olanda rəhmətə getdi. Yaşasaydı, mən ondan çox şey öyrənərdim…
Ovaxtkı ziyalılar indikilər kimi deyildi, tamam başqa məfkurələri var idi. O qədər savadlı, intellektual adamlar idilər ki… Çox nümunəvi insanlar idi o dövrün kişiləri. Millətsevər, öz dilinin, ədəbiyyatının aşiqi… Yadımdadır ki, mən uşaq olanda Salyanda şeir, ədəbiyyat gecələri təşkil olunardı, atam heç olmasa ayda bir dəfə orada iştirak edərdi. Gözəl də səsi var idi, oxuyurdu…
Sözü nəyə gətirirdim?.. Dahiyə. Müəllimə “kakoy nibud” deyəndə “DAHİ” sözü yadıma düşdü. Düşündüm ki, bu, hansı məntiq və vicdanla Əli bəy kimi dahi şəxsiyyət haqqında belə bir söz deyir? Millətimin seçilən nümayəndəsi, “Fyuzat” ədəbi-bədii məktəbinin banisi haqqında belə bir sözü necə dilə gətirmək olar? Mən Mirzəağa Əliyevə şəxsiyyət kimi toxunmaram, o da sənətkardır, yaxşı komediya aktyoru olub. Amma o, ideoloq, təşviqatçı deyildi. Hər hansı bir cərəyan yaradıb insanları ardınca aparan bir şəxsiyyət olmayıb Azərbaycanda…
…O yersiz sözdən sonra oturub yavaş-yavaş bir metodiki vəsait yazdım. Buna bir aydan da az vaxt sərf elədim. Onda hələ Əli bəydən dissertasiya müdafiə edəcəyimi bilmirdim…
“Şübhədir hər həqiqətin anası” – Biz şübhələnməsək, həqiqəti tapa bilmərik…
Həqiqəti axtarmaq üçün gərək şübhələnəsən. Heç nəyə kor-koranə “hə” deməyəsən. Əli bəy Hüseynzadəni hamı siyasətçi kimi tanıyırdı, uzaq başı jurnalist kimi. Onu teatrşünas kimi tanıyan yox idi. Amma mən axtardım, axtardım, Əli bəyin, hətta Ərəblinskinin teatr sahəsindəki ximətlərini tapıb çıxardım ortaya. “Əli bəy Hüseynzadə və teatr” kitabını ərsəyə gətirdim. Sübut elədim ki, Əli bəy Hüseynzadə “kakoy-nibud” deyil. O, elə Azərbaycanın intibah dövrü mədəniyyətinin, incəsənətinin banisidir. Çünki 20-ci əsrin əvvəllərində Azərbaycanda bir yeniləşmə dövrü başlamışdı. Hesab edin ki, bir əsr ondan əvvəl Qərbdə başlamış fırtına və tərəqqi – ədəbiyyat cərəyanını fyuzatçılar adıyla bizə köçürdü. O cərəyanın da ətrafında görün kimlər yetişdi? Bizim savadlı ulu babalarımız – rəssamı da, heykəltəraşı da, şairi də, dramaturqu da o cərəyan ətrafında püxtələşdi. Əli bəy Hüseynzadə ümumən üç istiqamət üzrə – publisistikaya, ədəbiyyata və teatra yeni ideologiya gətirib. Hər şeyə də siyasi nöqteyi-nəzərdən yanaşıb… Bütün bunlardan nə qədər yazsan da, qurtarmaz.
Kitabda Əli bəyin teatrla bağlı fikirləri də cəm olub. O vaxt alim yoldaşlarımdan biri mənə dedi ki, Əli bəy Hüseynzadə teatr haqqında çox az söz deyib, siz ondan bir monoqrafiya yazmısınız. Mən də ona cavab verdim ki, Əli bəyin bu fikirləri romantik teatrın hardan başlayıb, hara getdiyini öyrənmək üçün bir açardır. Mən də elə o açarı tapıb yazıram. Halbuki teatrşünaslar yüz ildir onu görməyiblər.
Qulam Məmmədlinin “Salnamə”sində kiçik bir hissə var. Deyir ki, Bakıdan gələn “Nicat” teatr kollektivi Tehran şəhərinə qastrola gəlmişdi. “Nadir şah” əsərini oynayırdılar. Halbuki o vaxt “Nadir şah” İrana getməyib. Təxəyyüldür. Fikrində canlandırır ki, – 1906-07-ci ildə yazıb, – Ərəblinski elə bir aktyor olacaq ki, onun səsi bütün Şərq dünyasına yayılacaq. Özü də məhz Tehrana aparıb teatrı. Çünki iranlılar həmişə Azərbaycan mədəniyyətinə qarşı çıxıblar. İstəyiblər ki, biz onların yaratdıqları cəhalətin, qaragüruhun içərisində boğulaq. Amma Azərbaycan ziyalıları həmişə irəli getməyə çalışıblar. Onların hamısının haqqında böyük-böyük kitablar yazmaq, tədqiqat işləri aparmaq lazımdır. Mənim gücüm, ömrüm bunlara çatdı, bunları yazıb ortaya çıxardım. İnşallah, yetişən nəsil gənclərimiz də bizim yolumuzu davam etdirərlər.
Sevinc Paşayeva,
KONKRET.az