Prezident İlham Əliyevin Gəncə səfərində diqqətçəkən detallar mövcuddur. Şəhərdə yeni infrastruktur yaradılır. Nəqliyyat sahəsində də yenilik olur. Bakubus avtobusları gətirilib.
Azərbaycanın ikinci paytaxtında nə baş verir? Regionlara geri qayıdışın əsası qoyulur? Gəncəni daha da abadlaşdırıb, dirçəldib, əhali üçün cəlbedici edib, Bakıya kütləvi köçün qarşısını almaq məqsədi var?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Prezidentin Gəncəyə səfəri və iştirak etdiyi tədbirlər yenidənqurma və bərpa prosesinin ölkənin bütün ərazisini əhatə etdiyini göstərir:
“Eyni zamanda qalib dövlətimizin inkişaf və tərəqqisindən hər bir vətəndaşının faydalana bilməsi kimi tarixi missiyanın uğurla reallaşdırıldığını nümayiş etdirir. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə həyata keçirilən quruculuq işləri və yenilənən infrastruktur Qarabağ və Şərqi Zəngəzurda – Livan ölçüsündə bir ərazidə sıfırdan qurulan, Azərbaycan standartı olan yeni həyat fonunda dövlətimizin güc və qüdrətinin inikası kimi qiymətləndirilməlidir. Beləliklə, Gəncə və digər şəhərlərimiz də abadlaşacaq. İnsanların daha çox maraq dairəsində ola bilər. Əlbəttə, avtobusların gətirilməsi, yeni quruculuq və abadlıq işlərinin aparılması əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına hesablanmış addımdır.
Dövlət başçımızın da vurğuladığı kimi, ölkəmizin hər bir qarışı, hər bir ucqar kəndi Prezident İlham Əliyevin siyasəti üçün bərabər prioritet hesab olunur. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və əhalinin təhlükəsiz, ləyaqətli şəkildə bu ərazilərə köçürülməsinə böyük maliyyə vəsaitinin səfərbər olunması diqqətçəkəndir. Eyni vaxtda digər bölgələrimizə də xüsusi diqqətin ayrılması və Prezidentin işlərin gedişatı ilə şəxsən tanış olması daha güclü Azərbaycan naminə ifadə olunan iradə və dönməz əzmi bir daha təsdiqləyir.
Məlumdur ki, münaqişə dövründə o vaxtkı cəbhə xəttindən xeyli uzaqda yerləşməsinə baxmayaraq, Gəncə şəhəri Ermənistanın hücumlarına məruz qalmışdı. Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dinc insanlar gecə vaxtı qadağan olunmuş başlıqlarla yüklənmiş raketlərlə atəşə tutulmuş, çoxsaylı insan tələfatı qeydə alınmışdı. Həmin dağıntılar üzərində ən müasir şəhərsalma tələblərinə cavab verən, memarlıq incisi hesab edilə biləcək nümunələrin və memorialın ucaldılması isə heç bir qüvvənin Azərbaycanı inkişaf və tərəqqi yolundan döndərə bilməyəcəyinin göstəricisidir. Bu müqəddəs amal uğrunda xalqımızın Ulu Öndərin siyasi kursu və şəxsən Prezident İlham Əliyev ətrafında sıx birliyinin ifadəsi olacaq”.