Enokyan: “Bizim xarici siyasətimizi Ərdoğan və Əliyev diqtə edir”backend

Enokyan: “Bizim xarici siyasətimizi Ərdoğan və Əliyev diqtə edir”

“Ermənistanda hər şey dəhşətli dərəcədə bahalaşıb, nəinki Londonun, hətta Kaliforniyanın San-Xose şəhərinin də qiymətlərini keçib”.

KONKRET.az xəbər verir ki, bu sözləri amerikalı politoloq, beynəlmiləlçi Aqassi Enokyan bildirib.

Erməni politoloqun fikirlərinin bəzilərini oxucuların diqqətinə çatdırırıq: “Ermənistanda insanlar özlərini təhlükəsiz hiss etmir, korrupsiya çoxalıb, insanlar mühacirət edirlər. Bu tənəzzülün sonu görünmür”.

Politoloq Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bölüşüb:

“Beynəlxalq oyunçuları maraqlandıran əsas məsələ Zəngəzur dəhlizi məsələsidir. Burada iki yanaşma var: dəhlizdə ya ruslar dayanmalı, ya da ümumiyyətlə, orada olmamalıdır. Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Ermənistanın ağrılı güzəştlərə getməli olduğunu deyəndə, bunu nəzərdə tutur ki, rusları dəhlizə buraxmaq olmaz. Amma Paşinyanın o cəsarətə sahib olacağına əmin deyiləm.

Lakin Zəngəzur dəhlizi məsələsini Nikol təkbaşına həll edə bilməz. Ona hər iki tərəfdən təzyiqlər var.

9 noyabr tarixli üçtərəfli bəyanatda açıq-aydın yazılıb ki, Dəhliz olmalıdır, ruslar orada dayanmalıdır. Əgər Paşinyan deyirsə ki, “Həmin bəyanatda dəhlizlə bağlı məqamı göstərənə pul mükafatı verəcəm”, deməli, o, imzaladığı bəyanatı oxumayıb”.

Erməni ekspert qeyd edib ki, “Sülh heç vaxt sülh müqavilələri ilə gəlmir. Sülh tarazlığın qurulduğu zamandır. Regionumuzda balans pozulub. İqtisadiyyatımız zəif olduğu üçün iqtisadi tarazlıq yarana bilməz. Hərbi balans da ola bilməz, çünki son 6 ildə Nikol ordumuzu elə darmadağın edib ki, onu bərpa etməyə heç bir ümid qalmayıb. Bircə qalır siyasi tarazlıq, lakin bu, kifayət deyil. Beləliklə, sülh müqaviləsini indidən unudaq. Sülh müqaviləsi Ərdoğanın, Əliyevin, Putinin başımıza vurmaq üçün tutduqları xəncərdir”.

Amerikalı politoloq deyib ki, “Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etmək absurddur. Sabah əlifbamızı qonşularımız, türklər, azərbaycanlılar oxusun deyə dəyişmək, latın hərfini yazmaq tələbi olsa, təəccüblənməyin… Paşinyan da inandırmağa başlayacaq ki, Putin həmin əlifbanı qəbul etməyə məcbur olub”.

O, Azərbaycan Prezidentinin xarici siyasətinə də toxunub: “Əliyev ciddi siyasət aparır, Çinlə, İranla, Qərblə, Rusiya ilə ciddi müqavilələr imzalayır… Nikol isə nə edir? Bu dövrdə Ermənistan “ciddi” xarici siyasət addımı atdı və Fələstini tanıdı. Görək İsraillə nə qədər problemimiz var. Məsələ İsraillə müzakirə olunubmu? Məsələn, bizdə kilsə torpaqları məsələsi var. Bu haqda danışılıbmı?

Bütün dünyanın Macarıstandan üz döndərdiyi bir şəraitdə Ermənistan Macarıstanla münasibətləri bərpa etmək yolundadır. Bunların hamısı anti-erməni addımlarıdır. Bu o deməkdir ki, bizim xarici siyasətimizi Ərdoğan və Əliyev diktə edir.

Londonda Əliyev-Paşinyan görüşü uğursuz oldu, çünki dəhliz məsələsi hələ də həllini tapmayıb. Paşinyanın deməyə sözü yoxdur. Əliyevin tələblərinə cavab olaraq Ermənistan tərəfi veloyürüşə çıxıb…

Əgər sabah Əliyev elan etsə ki, regional sülh məsələlərini həll etmək üçün erməni deputatlar şalvar aşağı gəlsin, Paşinyan da bununla gedəcək”.

Amerikalı ekspert 44 günlük müharibənin dayandırılmaması ilə bağlı fikirlərini də bölüşüb: Ya Putin, ya İranın xarici işlər naziri, ya da başqaları yalan danışır ki, müharibənin dayandırılması təklifi olub, amma Paşinyan razılaşmayıb. Məncə Paşinyanın Əliyevlə gizli razılaşması var idi ki, müharibəni dayandırmaq üçün hara qədər gedəcəklər, nəyə təslim olacaqlar. Bu variantlardan hər hansı biri Nikolun 44 günlük müharibəni niyə dayandırmadığını izah edə bilər. İndi də hamı ona satqın deyir.

Nikol çox yaxşı başa düşür ki, nə qədər ki, ABŞ, Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirəcək, o, hakimiyyətdə saxlanılacaq, lazım olmayanda atılacaq.

İndi də Avropa deyəndə ki, Ermənistanla danışıqlara hazırıq, bu o deməkdir ki, onunla yanaşı, tələblərin də uzun siyahısı var.

Yeri gəlmişkən, konstitusiya eksperti Vardan Poqosyan kütləvi informasiya vasitələri ilə söhbətində Ermənistanda Aİ-yə üzvlük məsələsi ilə bağlı referendumun keçirilə bilməyəcəyini, bunun qanunsuz olacağını bildirib. Referenduma çıxarıla bilən və çıxarılmalı olan məsələlər Ermənistan Konstitusiyası və Referendum haqqında qanunla aydın şəkildə müəyyən edilib. Bunlar: Konstitusiyanın qəbulu və dəyişdirilməsi, Ermənistanın millətlərarası beynəlxalq təşkilatlara üzvlüyü və ölkənin ərazi dəyişikliyi ilə bağlı məsələlər məcburi referendum yolu ilə həll edilir. Konstitusiyanın Parlament tərəfindən rədd edilmiş maddələri, habelə vətəndaş təşəbbüsü ilə təqdim edilmiş qanun layihələri parlament tərəfindən qəbul edilmədiyi təqdirdə yenidən referenduma çıxarıla bilər”.

Politoloq vurğulayıb ki, indi Türkiyə siyasətini dəyişməyə çalışır, çünki əslində lazım olanı Rusiyadan alıb, indi isə Rusiyaya o qədər də ehtiyacı yoxdur. Rusiya bunu başa düşür və ona görə də Şərqi və Qərbi Turanı birləşdirən dəhlizin onun nəzarətində olmasını tələb edir.

Ermənistan Qərbə getmir. Ermənistan çoxdan üzünü Türkiyəyə tutub.

Nəhayət, yox desək, Avropanın Rusiyanı tərk etməsindən imtina etsək, biz də sanksiyalara məruz qalacağıq.

Əvvəlki strateji doktrinamızın üç sütunu var idi: milli ordumuz, KTMT-yə üzvlük və NATO ilə əməkdaşlıq. Təhlükəsizliyimiz ilk növbədə milli ordumuzdan asılıdır. Nikol hakimiyyətə gələndə ilk işi ordunu məhv etmək oldu”.

O xüsusilə qeyd edib ki, “Avropa İttifaqı erməniləri gözləmir. Çünki Ermənistanda korrupsiya aradan qalxmayıb. Ola bilər ki, məişət səviyyəsində korrupsiya olmasın, yol polisi də rüşvət almasın, amma orta və yuxarı eşelonda dəhşətli korrupsiya var. Dövlət işləmir, sadəcə olaraq idarəçilik yoxdur.

Qərb hələ də Nikola qəti şəkildə rusiyapərəst olmamaq imkanı verir. Ona görə də ona avans verirlər ki, daxildə hər şeyi etsin, korrupsiyaya, insan haqlarının pozulmasına göz yumsun… Nikola daim imkanlar verilir, amma dəyişikliklərdən qorxur. Saakaşvili yolu ilə gedir.

Gürcüstan agentlərə qarşı qanun qəbul etməklə dövlətin hara getdiyini göstərdi. Çünki bu, Rusiya qanunudur. Bizə belə bir qanun lazım deyil, çünki bu, çəkindirici deyil. Nikol agent olmaq istədiyini hər kəsə deyəcək, istəmədiyini heç kimə deməyəcək. Problemi həll etməyin bir yolu var: bizdə insana yox, xalqa, dövlətə xidmət edən belə Milli Təhlükəsizlik Xidməti olmalıdır”.

Aqassi Enokyan bildirib ki, “Belə davam edərsə, Ermənistan türkləşəcək. Amma bir məsələ var ki, Rusiya ciddi xarici agentlərin Ermənistanda olmasına imkan verməyəcək. O hesab edir ki, Ermənistanda yalnız onun agent şəbəkəsi olmalıdır.

Ona görə də Nikolun qalıb-qalmamasına Rusiya qərar verməlidir. Nikol başa düşür və qorxur ki, Metyu Millerin dediyi ağrılı güzəştlərə getsə və rus qoşunlarının Zəngəzur dəhlizinə yerləşdirilməsinə imkan verməsə, sabah öz mövqeyində qalmayacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*