Erməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”backend

Erməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”

KONKRET.az xəbər verir ki, İranın ANAJ agentliyi yazır ki, Azərbaycanın Ermənistanla müqayisədə dəfələrlə böyük hərbi büdcəyə malik olmasına rəğmən, Dağlıq Qarabağ probleminin həllini beynəlxalq təşkilatlardan gözləməsi bəzi ekspertlər tərəfindən tənqid olunur.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun təşəbbüsü ilə 2019-cu ilin son görüşünü Slovakiyada keçiriblər. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğu görüş 3 saat davam etsə də, tərəflərin kəskin fikir ayrılıqları üzündən bu dəfə də nəticə əldə olunmayıb. Münaqişənin həllində vasitəçilik edən Minsk qrupunun həmsədrləri bu görüşdən sonra da jurnalistlərə həmişəki fikirləri təkrarlayıblar: münaqişə bölgəsindəki status-kvo qəbuledilməzdir, problemin hərbi yolla həlli yoxdur və s.

Minsk qrupunun bitməyən dərdi

Dağlıq Qarabağ məsələsini 25 ildir Qafqaz regionunun əlacsız dərdinə çevirmiş ATƏT-in Minsk qrupu bütün fəaliyyəti dövründə reallıqdan uzaq bəyanatlar verməklə yadda qalıb. Bir çox ekspert hesab edir ki, xristian dövlətlərinin rəhbərlik etdiyi Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində müsəlmanın (Azərbaycan) xeyrinə addım atmayacaq.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında əldə olunmuş atəşkəs razılaşmasından sonra problemin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib.

Həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunda Ermənistan və Azərbaycanla yanaşı, Belarus, Almaniya kimi dövlətlər də yer alır. Qrupun Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək istiqamətində son cəhdi Bakı və Yerevandan olan jurnalistləri qarşılıqlı şəkildə Azərbaycan və Ermənistana ezam etmək olub. Lakin bu, bir çoxları tərəfindən Azərbaycan tərəfinin Ermənistanın işğalçı siyasətini qəbul etməyə hazırlamaq cəhdi kimi qiymətləndirilib. Fakt budur ki, Ermənistan bu gün hərbi yolla əldə olunmuş nəticədən imtina etmir. O, hesab edir ki, illər əvvəl müharibəni udduğundan, əldə olunacaq istənilən sülh Yerevanın prinsiplərinə əsaslanmalıdır.

Yoxsul Ermənistanın hərbi büdcəsi

Ciddi iqtisadi problemləri olan Ermənistan bu günlərdə 2020-ci il üçün hərbi büdcəsini təsdiqləyib. Rəqəmlər göstərir ki, büdcə əvvəlki illə müqayisədə 25%-dək artırılıb. Ermənistan KİV-nin yazdığına görə, gələn ilin hərbi büdcəsi təxminən 625 milyon dollar (ÜDM-in 4%-dən də az) olacaq.

Müqayisə üçün Azərbaycanın hərbi büdcəsinə nəzər salsaq, görərik ki, Azərbaycanda bu rəqəm… 2 milyard 260 milyon dollardır! Bu, Ermənistanın hərbi büdcəsindən təxminən 4 dəfə çoxdur.

Zəif Ermənistan ordusu və güclü Azərbaycanın büdcəsi

Azərbaycan KİV-i iki ölkənin dövlət və hərbi büdcələrini davamlı olaraq müqayisə edir. Ermənistanın istefada olan hərbçilərinə də istinad edən bəzi Azərbaycan ekspertləri isə Bakının problemin həllində hələ də beynəlxalq təşkilatlardan yardım gözləməsini tənqid edir. Onlar Azərbaycanın Ermənistandan istər iqtisadi, istərsə də hərbi baxımdan çox üstün olduğuna əsaslanaraq, çarəsiz şəkildə beynəlxalq təşkilatlardan yardım gözlənilməsini doğru saymır.

Bu vəziyyəti ermənilər də etiraf edir. Məsələn, təqaüddə olan erməni polkovnik Arkadi Karapetyan yerli mediaya müsahibəsində tərəflərin hərbi gücü haqda danışıb: “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan qat-qat güclüdür. Müharibə yenidən alovlanarsa, Ermənistan mütləq məğlub olacaq”.

Azərbaycanın “Musavat.com” saytı erməni hərbçinin də fikirlərinə istinadən yazır: “Yoxsul ölkənin (Ermənistan) zəif ordusu, zəngin dövlətin (Azərbaycan) güclü ordusu qarşısında işğalçılığı davam etdirir. Təəccüblü olan odur ki, biz bu səhv tənliyi həll edə bilmirik!”.

Əmir Fatemi

 (Fars dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: ANAJ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*