Erməni “sevgisi” Rusiyanın sonunu gətirəcək – ƏTRAFLIbackend

Erməni “sevgisi” Rusiyanın sonunu gətirəcək - ƏTRAFLI

Surxay Atakişiyev

Bu günlərdə “RİA Novosti”nin tirajladığı bu foto mənim diqqətimi çəkdi. Şəkildə rus əsgərlərinin əlləriində tort və meyvə xonçası ilə ermənilərin qarşısına çıxmaları əks olunub. İlk baxışdan adi mənzərədir. Sülhməramlılar bölgəyə sülh gətirdiklərini sübut etmək istəyirlər. Ancaq bir məqam olmasa idi. O da tortun üzərində Rusiya Federasiyasının dövlət bayrağı ilə yanaşı qurama “DQR”in “bayrağ”ının sancılmasıdır. Bəs bu nə deməkdir?  Ermənistanın özünün tanımadığı bir qurumun “bayrağı”nı nümayiş etdirməklə Rusiya nə demək istəyir? Kimə acıq verir?

Düzünə qalsa, o “bayraq” mənim üçün rəngli əsgi parçasından başqa bir şey deyil. Amma “milçək bir şey deyil, lakin ürək bulandırır”. Məsələyə siyasi prizmadan baxanda isə vəziyyət bir qədər dəyişir.

Birincisi, gör Rusiya Federasiyası nə günə qalıb ki, qondarma bir qurumun “bayrağı”nı 150 milyon rusun şərəf və ləyaqət simvolu ilə yanaşı qoyur.

İkincisi, bu foto imkan verir ki, Azərbaycan dövləti ən azı Rusiya Federasiyasına qarşı bir ultimatum versin. Bu tədbirin və “qoşa bayraqlar”ın izahını istəsin.

Üçüncüsü, bu əsgi parçasını təşviq etməklə Rusiya Azərbaycanı sülhməramlılar məsələsinə yenidən baxmağa təhrik edir. Xatırladaq ki, 10 noyabr anlaşmasına görə tərəflərdən hər hansı birinin təşəbbüsü ilə Rusiya sülhməramlıları Dağlıq Qarabağı tərk edə bilər.

Sadaladığım bu 3 səbəbdən sonra fikirləşirəm ki, Rusiya  bayrağının qondarma qurumun əsgi parçası ilə yanaşı qoyulması təsadüfdür, yoxsa təxribat. Bir xeyli düşünəndən sonra deyirəm ki, bu, təsadüf deyil. Çünki həmin tədbirdə çox güman ki, sülhməramlıların komandanlığı iştirak edirdi. Və bu nüans çətin ki, onların gözündən qaçsın. Üstəlik, bu fotonu Rusiyanın ən nəhəng iki İnformasiya Agentliyindən biri – “RİA Novosti” tirajlayır. O agentlikdə oturanlarsa siyasətə az-çox bələd adamlardır. Çətin ki, onlar bunu görməsinlər.

Bu şəkil ən azı rus-erməni həmrəyliyinin təşviqidir. Mənası da budur ki, “ay ermənilər, hələlik bacardığımız budur. Dözün, gözləyin”. Digər tərəfdən, bu foto ilə ruslar azərbaycanlıların əsəbi ilə oynamaq istəyirlər. Özlərini Dağlıq Qarabağın hakimi-mütləqi kimi göstərmək istəyirlər.

Əslinə baxsan, son 47 gündə rus sülhməramlılarının bu cür təxribatçı hərəkətləri çox olub. Hansını deyim? Sülhməramlıların fəaliyyət dairəsi olan xəritənin iki gündən bir dəyişmələrinimi, yoxsa Çaylaqqala və Köhnə Tağlar kəndlərində göstərdikləri ermənipərəst mövqelərinimi? Yaxudda ki Türkiyə süllhməramlılarının Qarabağa gəlişini bütün vasitələrlə əngəlləmələrinimi?

Hələ Ermənistandan Qarabağa silah-sursat daşınmasına yaşıl işıq yandırmalarını demirəm. Dünən gecə isə Xocavənd rayonunun Tuğ kəndində ermənilər daha bir təxribat törədiblər. Nəticədə bir əsgərimiz şəhid olub. Doğrudur, antiterror əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi tələf olub. Amma fakt faktlığında qalır. Ermənilər sülhməramlılardan ilhamlanaraq təxribatlarını davam etdirirlər.

Atəşkəs anlaşmasına görə Dağlıq Qarabağdakı bütün silahlı qüvvələr çoxdan ərazidən çıxarılmalı idi. Lakin Rusiya hələ bu məsələni gündəmə gətirmək fikrində deyil. Bütün bu etdikləri azmış ki, Dağlıq Qarabağ ərazisindən kənar Azərbaycan torpaqlarına da  burunlarını soxurlar. Dünən Rusiyanın teleqram kanallarında, Ermənistanın isə elektron KİV-lərində şərəfsiz Semyon Peqovun bir video reportajı yayımlandı. Reportajda deyilirdi ki, ”dekabrın 27-də, bazar günü Qarabağla bağlı üçtərəfli anlaşmadan sonra Azərbaycanın nəzarətinə keçən Karvaçarda (Kəlbəcər bölgəsi) Dadivank erməni monastır kompleksində bir toy mərasimi oldu. Martakertdən (Ağdərə) olan İrina Qabrielyan və Stepanakertdən (Xankəndi) Aram Berdyan evliliklərini bu kompleksdə rəsmiləşdiriblər”.

Qəribə burasıdır ki, sülhməramlıların ermənipərəst addımları Rusiya və Ermənistan mətbuatında eninə-boyuna təbliğ edilir. Özü də erməni qarışığı olan Peqov kimilərinin əli ilə. Bu isə Rusiya siyasi elitasındakı bəzi erməni qarışığı olan məmurların atəşkəsə verdikləri “töhfə”dir.

Belə bir xalq deyimi var: ”Kim nə edirsə, özünə edir”. Eynən ruslar kimi. 30 ildən sonra qonaqpərvər Azərbaycan xalqı rus hərbiçilərinə qapılarını açdı. Dedi: “Buyur gəl. Suyumuzdan iç, çörəyimizdən dad. Mehriban qonşu kimi keçinib gedək”. Lakin rus şovinizmi azərbaycanlıların xoş niyyətini düzgün qiymətləndirmədi. Özləri bilər. Bu, Azərbaycanın qonşu dövlətə verdiyi son güzəşt viziti idi. Ondan da düzgün istifadə etmədilər. Bizimlə bərabərhüquqlu, mehriban qonşu kimi deyil, imperialist dövlət kimi rəftar etdilər. Qoy olsun. Son nəticədə itirən ruslar olacaq. Bizim itirdiyimiz 5-10 igid əsgərimiz və ruslara inamımız olacaq. Rusiya Federasiyası isə söykəndiyi sonuncu dayağını itirəcək. Moskvanın tövbəsi qəbul olmayacaq. Onun heç zaman islah edilməyəcəyini, sülhməramlı ola bilməcəyini və rus şovinizminin heç zaman məhv olmayacağını sivilizasiya bir daha görüb şahid olacaq. Bununla da şovinist ruslar Rusiya Federasiyasının sonunu daha tez gətirəcəklər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*