Ermənilər kəndlərimizin adlarını necə dəyişirlər? – VİDEObackend

Ermənilər kəndlərimizin adlarını necə dəyişirlər? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Ermənistan parlamentinin qərarı ilə adı dəyişdirilib Zovasar edilən qədim kənd” adlı süjet hazırlanıb.

KONKRET.az xəbər verir ki, bugünkü süjetdə Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı toponimləri, eləcə də Ağdağ, Ağadi oronimləri haqqında söz açılır.

Bildirilib ki, bir xalqın əsrlər, minilliklər boyu formalaşdığı toponimləri kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir.

Ağağa – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub və burada 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşayıb. 1905-1906-cı illərdə azərbaycanlılar köçürülüb və kənd ləğv edilərək xarabalığa çevrilib.

Ağdağ – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda dağ olub. Bu oronimin adı dəyişdirilib Apitakasar qoyulub.

Ağdağ – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda dağ adıdır.

Ağadədə – Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda pir adıdır.

Ağadi – Şəmşəddil mahalının, Karvansaray, indiki İcevan rayonunda dərə adıdır. Ağstafa çayının sahilində yerləşir.

Ağakiçik – Talin mahalının eyni adlı rayonunda kənd olub. 1873-cü ildən 1916-cı ilədək ancaq azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalıb və əhalisi qırğınlarla deportasiya olunub. 1915-1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilib. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Zovasar qoyulub.

Ağasıbəyli – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda kənd olub.

Ağaplı – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub.

Sonda vurğulanır ki, haylar çirkin toponim oyunları ilə özlərinə saxta məkan yaradıblar:

“Bu oyunların alt-üst olması üçün isə azərbaycanlıların doğma yurda – Qərbi Azərbaycana qayıdışı qaçılmazdır. Əminik ki, bu geri qayıdışla ermənilərin özlərinin etiraf etdiyi kimi, Ermənistan elə Qərbi Azərbaycan olacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*