Məlum olduğu kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməsini şərt kimi irəli sürüb. Bu, dövlətimizin irəli sürdüyü 5 baza prinsipindən biridir.
Prezident İlham Əliyev bu prosedurların icra olunmayacağı təqdirdə sülh əldə edilməsinin mümkünsüzlüyünü bildirib. Rəsmi Bakının israrlı tələblərinin səbəbi isə Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer almasıdır.
Dünən isə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini açıqlayıb.
Maraqlıdır, Bakının Ermənistan konstitusiyasında dəyişdirilməsini tələb etdiyi maddələr hansılardır və həmin bəndlərdə nə yazılıb?
KONKRET.az xatırladır ki, Ermənistanın əsas Qanunu 5 iyul 1995-ci ildə qəbul edilsə də, 2005 və 2015-ci illərdə dəyişikliklərlə uğrayıb. Ermənistan konstitusiyasın isə nə ərazi iddiaları ilə bağlı birbaşa eyham yoxdur, həmin məqam Ermənistanın İstiqlal Bəyannaməsində yer alıb. Sözügedən sənədin mətni 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub. Bəyannamədə “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında” müddəa öz əksini tapıb və konstitusiyada da bu akta istinad olunub.
Qeyd edək ki, Ermənistan konstitusiyası İstiqlaliyyət Bəyyannaməsində yer alan ümummilli dəyərləri əsas hədəf kimi götürür. Bu, birbaşa olmasa da, dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsidir.
Ermənilərin Azərbaycanla yanaşı Türkiyəyə də ərazi iddiası var. Bəyyannamədə “Qərbi Ermənistan” adlandırılan ərazi vahidinə Türkiyənin 6 şərq əyaləti – Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas daxildir.
Sonuncu məqam isə qondarma soyqırım iddiasıdır. Sənədin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası, Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”.
Qeyd etdiyimiz kimi, qonşu ölkə konstitusiyanın 1-ci maddəsində ümumilli dəyərlərin mənbəyi istinad edilən Ermənistanın İstiqlaliyyət Bəyannaməsi əsas götürüldüyü üçün Azərbaycan tərəfi sülh üçün həmin bəndlərin dəyişdirilməsini tələb edir. Baş nazir Nikol Paşinyan da bunun vacibliyini açıqlayıb. Lakin sözügedən prosesin ən tezi 2027-ci ildə yekunlaşacağı bildirilib.
Məlik Məlikov,
KONKRET.az