“Ermənistanla Azərbaycan arasında yeni müharibə təhlükəsi var”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanda tanınmış Azərbaycanşünas Anjela Əlibəyova bildirib.
Onun sözlərinə görə, “Müharibənin nəticəsi olaraq Azərbaycan bütün üstünlük təşkil edən yüksəklikləri ələ keçirib. Bununla yanaşı, Azərbaycan hərbi büdcəni artırmaqda davam edir, Türkiyə ilə birlikdə yeni təlimlər keçirir. Həmçinin ərazi bütövlüyümüzə qarşı yeni militarist bəyanatlarla çıxış edir. Odur ki, Ermənistan növbəti müharibəyə hazır olmalıdır. Amma biz 4 ayı boşuna itirmişik. Növbəti müharibəyə hazırlaşmaq əvəzinə siyasi oyunbazlıqla məşğuluq”.
Əlibəyovaya görə, “Ermənistanda 2 paralel reallıq var – real və virtual Ermənistan. Real Ermənistanda əhalinin bir hissəsi ətrafdakıları başa düşür və mövcud təhdidləri görür, digəri isə hər şeyin gözəl olacağı “virtual Ermənistanda” yaşamağa davam edir, çünki onlara belə vəd verilib”.
Ekspertin fikrincə, Ermənistanda baş verənlər beynəlxalq ictimaiyyətin vecinə deyil:
“Müharibə zamanı dünya səssiz müşahidəçi statusunda oldu, amorf, mənasız açıqlamalar verildi. Ermənistan Xarici İşlər Nazirliyi diaspor strukturları səviyyəsində ardıcıl iş aparmazsa, növbəti müharibədə də bu, davam edəcək. Bütün dövlət sistemi ortaq təbliğat və diplomatik tezisləri təşviq etmək üçün əməkdaşlıq etməli, erməni mövqeyini təmsil etməlidir”.
Ekspert deyib ki, hazırda Ermənistan tərəfinin mövqeyinin sistemləşdirilmiş mənzərəsi yoxdur. Xüsusilə bu, Ermənistan tərəfinin həll olunmamış Qarabağ münaqişəsindəki hərəkəti, “Artsax”ın tanınması, qaçqınların qaytarılması və s. məsələlərlə bağlıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az