“Azərbaycanın milli ordusu düşmənin növbəti geniş miqyaslı təxribatlarının qarşısını alıb, bir neçə kəndimizi, yaşayış məntəqələrimizi və bir sıra yüksəklikləri düşmən işğalından azad edib”.
Bunu KONKRET.az-a danışan deputat Cavid Osmanov qeyd edib ki, bu günə olan məlumata görə, daha bir neçə yaşayış məntəqəmiz düşmən isğalından azad edilib, bir neçə strateji yüksəkliklər nəzarətimiz altına keçib:
“Azərbaycan ordusu irəliləməkdə davam edir və düşmənə çox ciddi zərbələr endirməkdədir. Nəticədə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu gün düşmən panika içərisindədir. Ermənistanın öz saytlarında verilən məlumata görə, əksəriyyət evlərini qoyub qaçmaqda davam edir.
Elə Ermənistanın daxilində də böyük panika yaşanır. Bu da milli və şanlı ordumuzun onlara vurduğu hərbi zərbələrin nəticəsidir. Bu gün hamı bir daha əmin oldu ki, cənab Prezidentin hərbi quruculuq sahəsində apardığı uğurlu siyasət nəticəsində ordumuz döyüş qabiliyyəti və texnika təchizat baxımından düşməndən xeyli öndədir.
Ordumuzda olan yüksək vətənpərvərlik ruhu və ən müasir silah-sürsatla təmin olunması özünü büruzə verir. Ümid edirəm ki, yaxın vaxtlarda bütün işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad ediləcək.
Torpaqlarımız işğaldan azad olunuqdan sonra Ali Baş Komandanın rəhbərliyi ilə bütün yaşayış məntəqələrində üçrəngli bayrağımız dalğalanacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az