Vətən müharibəsindən ötən 4 il ərzində Cənibi Qafqazda dəyişən geosiyasi vəziyyət yeni reallıqlar yaradıb. Azərbaycan öz şərtlərini diqtə etdikcə Ermənistan çıxılmaz vəziyyətə düşüb və bu şərtləri qəbul etməkdən başqa çarəsi qalmayıb. Amma onları böyük oyunlara təhrik edən Qərbdəki havadarlarının dəstəyi erməniləri bəzi öhdəlikləri yerinə yetirməyə imkan vermir. Onlar hələ də elə güman edirlər ki, Ermənistan əvvəlki mövqeyini geri qaytaracaq. Ermənistanda elə hesab edirlər ki, Azərbaycan Qarabağı “işğal” edib. 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan Ermənistan Baş naziri rəsmən Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirmişdi. Bundan sonra Ermənistan qonşu dövlətin suverenliyinə niyə hörmətlə yanaşmır? Bir tərəfdən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyanlar digər yandan Azərbaycanı “işğalda” ittiham edir.
Erməni tarixçisi Ovik Avanesov hesab edir ki, bu vəziyyətdən çıxmaq üçün bütün ermənilərin birləşməsi zəruridir: “Bu gün erməni dövlətçiliyi təhlükə altındadır və bütün xalq ayıq olmalıdır. Region dövlətləri anlamalıdırlar ki, bu Ermənistanla bərabər onları da təhlükə gözləyir. Bu gün Cənubi Qafqazda müharibə gedir və erməni xalqının hüquqları tapdanır”. Avanesovun hansı müharibədən söhbət açdığı məlum deyil. Cənubi Qafqazda müharibə 4 il əvvəl Ermənistanın kapitulyasiyası ilə başa çatıb. Deməli, ermənlər müharibənin bitməsini qəbul edə bilmir və hesab edirlər ki, Azərbaycanla hələ də müharibə aparırlar. Qarabağdan qaçan erməni ABŞ-dəki seçkilərin Ermənistan-Azərbaycan münasibətlərinə təsirindən danışıb və bildirib ki, Demokratların məğlubiyyəti ermənilərin planlarına uyğun deyildi. Bayden adminstrasiyasından ciddi dəstək alan Ermənistanın bundan sonra hansı siyasət yürüdəcəyi onu möhkəm narahat edir: “Ermənistanın münaqişəylə bağlı əvvəlcədən dəqiq yol xəritəsi olmalıdır. Əgər belə bir yol xəritəsi yoxdursa, ölkə faciə ilə üzləşə bilər. Ermənistanın indiki hökuməti dövründə qeyd etdiyim yol xəritəsinin olması mümkün deyil. Ona görə də, Ermənistana milli təfəkkürlü hökumət lazımdır. Bizə milli gündəmlə düşünən elita gərəkdir ki, bu elita rəhbərli öz üzərinə götürməli, milləti birləşdirməli və çətinliklərə sinə gərməlidir”.
Daha sonra, özündən əvvəlkiləri təkrar edən Avanesov guya Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığını iddia edib. Bu, əslində Azərbaycana qarşı informasiya müharibəsinin bir hissəsidir və ermənilər elə hesab edirlər ki, belə cəfəng fikirlərlə dünyada ictimai rəyi Azərbaycanın əleyhinə yönəltmək mümkün olacaq. Azərbaycan 30 il işğalda olan ərazilərini azad edib və suveren ərazilərinə nəzarət də bərpa olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son bəyanatlarından təşviş keçirən erməni tarixçi bildirib ki, bununla Azərbaycan Ermənistanın demilitarizasiyasına nail olacaq. “Ermənistan rəhbərliyi İlham Əliyevin bəyanatlarına cavab verə bilmir. Onların buna cürəti çatmır. Onlar silah almağın Ermənistanın daxili işi olmağını deməkdən çəkinirlər. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan istənilən ölkə ilə hərbi əməkdaşlıqda, silah əldə etməkdə sərbəstdir”.
Bu erməni tarixçi Hovik Avanesovun fikirləridir. Qarabağın itirilməsini qəbul edə bilməyən bu cür adamlar Ermənistanda revanşist təbliğat aparmaqla məşğuldur. İtirdikləri ilə barışmayan avanesovlar regionda yeni münaqişəinn alovlanmasında maraqlıdırlar. Onlara elə gəlir ki, hər hansı münaqişə Ermənistana nəyisə qazandıracaq. Amma nədənsə 44 gündə aldıqları məğlubiyyət yadlarından çıxıb.
Vəli Həsənoğlu,
KONKRET.az