Daşınmaz əmlak bazarında son illər müşahidə olunan qiymət artımları cəmiyyətdə ciddi maraq doğurur. Xüsusilə, 2026-cı ildə ev qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi alıcılar və investorlar üçün əsas suallardan birinə çevrilib.
Maraqlıdır, gələn il ev qiymətləri bahalaşa bilərmi?
KONKRET.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov 2026-cı ildə daşınmaz əmlak bazarında qiymətlərin mümkün dinamikası ilə bağlı açıqlama verib.
“2020-ci ilin sonlarından etibarən bu günə qədər daşınmaz əmlak bazarında stabil qiymət artımı müşahidə olunur. Ən yüksək bahalaşma isə 2022–2023-cü illərin sonlarında qeydə alınıb. Xüsusilə Bakı şəhərində qiymət artımı daha kəskin olub və bəzi ərazilərdə artım 17–18 faiz civarında dəyişib”.
Onun sözlərinə görə, ən çox bahalaşma mənzil fonduna aid olub.
“Belə ki, köhnə tikililər, yeni tikililər və həyət evlərində qiymət artımı diqqət çəkib. Digər daşınmaz əmlak növləri arasında isə ən yüksək bahalaşma kommersiya obyektlərində qeydə alınıb ki, bu da əsasən Bakı şəhəri ilə bağlıdır. Regionlarda daşınmaz əmlak qiymətləri Bakı ilə müqayisədə daha zəif dinamika ilə artıb”.
Elnur Azadov qeyd edib ki, 2024–2025-ci illərin göstəriciləri bir-birinə oxşardır.
“Bu dövrdə də qiymət artımı əsasən Bakı şəhərində müşahidə olunub və orta hesabla 12–13 faiz təşkil edib. Xüsusilə Sea Breeze ərazisi və Xətai metro stansiyası yaxınlığında yerləşən “Ağ şəhər” layihəsində qiymətlər fərqli templə artıb ki, bu da həmin ərazilərə olan yüksək tələbatla bağlıdır”.
Ekspert əlavə edib ki, Sea Breeze yeni ərazi olduğu üçün burada tikilən yeni binalarda qiymət artımı 40–50 faizə qədər yüksəlib.
“Torpaq sahələrində isə son iki il ərzində qiymətlər 50–100 faiz arasında dəyişib. Ən yüksək artım da məhz bu əraziyə təsadüf edir”.
E.Azadovun sözlərinə görə, 2021-ci ildən etibarən inşaat sektorunda, xüsusilə mənzil tikintisi sahəsində rəqabətin azalması tikinti şirkətlərinin qiymət artımında maraqlı olmasına səbəb olub və bu proses bu günə qədər davam edir.
Ekspertin proqnozuna əsasən, 2026-cı ildə kütləvi inşaat layihələrinin başlamaması səbəbindən daşınmaz əmlak qiymətləri əsasən 2025-ci ilin səviyyəsində qalacaq və ciddi ucuzlaşma gözlənilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az

