Son illər paytaxtda və regionlarda həyət evlərinin üstünün artırılması, – yəni ikinci mərtəbə, mansard və ya əlavə balkon tikilməsi halları getdikcə daha çox müşahidə olunur. Bəzi hallarda vətəndaşlar bu işləri rəsmi icazəsiz həyata keçirdiyindən, sonradan cərimə və ya söküntü riski ilə üzləşirlər.
Məsələnin hüquqi tərəflərini KONKRET.az-a açıqlayan əmlak eksperti Anar Nəsirov bildirib ki, belə hallarda yalnız müvafiq qurumlardan rəsmi icazə alındıqdan sonra tikinti işləri aparmaq mümkündür. O, icazəsiz aparılan tikintilərin qanunsuz sayıldığını və həmin tikililərin sökülməsi, eləcə də cərimə ilə nəticələnə biləcəyini vurğulayıb.
Nəsirovun sözlərinə görə, istər tam mülkiyyətli ayrı tikili, istər ümumi həyət evləri olsun, bütün hallarda əvvəlcədən icazə alınmalıdır. Əks halda aidiyyəti qurumlar həmin tikintini sökmək və ya inşaatın davam etməsinin qarşısını almaq səlahiyyətinə malikdir.
“Özbaşına tikinti aparmaq qəti qadağandır. Bu qanunsuz tikinti hesab olunur və sökülmə ehtimalı 98 faizdir”, — deyə ekspert bildirib.
Köhnə, çoxmərtəbəli həyət evlərində divarların bir-birinə bitişik olması məsələsinə də diqqət çəkən Nəsirov bildirib ki, belə yerlərdə divarların hər iki tərəfində müxtəlif ailələrin mənfəəti olduğundan icazəsiz müdaxilə yolverilməzdir.
“Bu tip həyətlərdə, 6–7 və hətta 20-yə yaxın ailənin yaşadığı yerlərdə divarlara müvafiq icazə olmadan toxunmaq və əlavə tikinti aparmaq qəti qadağandır”, — deyə o, əlavə edib.
Ekspert həmçinin qeyd edib ki, rəsmi icazə alındıqdan sonra həyata keçirilən texniki dəyişikliklər gələcəkdə çıxarışa (əmlak qeydiyyatına) salına bilər. Lakin icazəsiz və sonradan aparılmış tikintilərin sənədləşdirilməsi mümkün deyil:
“Əks halda belə tikintini çıxarışa əlavə etmək olmaz , bu, qanunsuz tikinti sayılır və sökülməsi ehtimalı yüksəkdir”.
Nəsirov vətəndaşlara tövsiyə edir ki, hər hansı əlavə tikinti və ya texniki dəyişiklik planlaşdırıldısa, əvvəlcə müvafiq qurumlardan rəsmi icazə və texniki rəy alınsın. Yalnız bu prosedurlar tamamlandıqdan sonra işə başlamaq həm qanun baxımından təhlükəsizdir, həm də gələcəkdə hüquqi problemlərin qarşısını alır.
Aynurə İsmayıl
KONKRET.az