“Baxmayaraq ki İran rəsmən Azərbaycanı Zəfər ilə bağlı təbrik edib, amma İran üçün bizim qələbəmiz sarsıntı olub. Azərbaycanın güclənməsindən çox narahatdırlar”.
KONKRET.az-a özəl açıqlamasına belə başlayan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev indiki İran hökumətinin Azərbaycan-Türkiyə müttəfiqliyindən də narahat olduğunu deyib:
“Qeyd etmək istərdim ki, indiki İran hökumətinin baxışları müəyyən dərəcədə fərqlidir. Yəni Ruhani hökuməti əməkdaşlığa dair daha çox səylər göstərirdi. Düzü, İran ətrafında da gərginlik artıb. İran-Qərb, İran-İsrail, İran və bəzi ərəb ölkələri ilə qarşıdurma güclənib. Ona görə də müvafiq hadisələrə bəzən belə reaksiya göstərirlər. Amma strateji baxımdan İran həm Zəngəzur dəhlizi ilə bağlı, Cənubi Qafqazdakı yeni geosiyasi reallıqla əlaqədar həqiqətləri qəbul etmək istəmir. Ona görə də bu təlimlər xoş addım deyil. Müəyyən mesajdır. Amma bizim öz siyasətimiz var, onu davam etdirəcəyik.
Və Türkiyə Prezidentinin dünən Azərbaycana səfəri, Zəngilan hava limanının açılması bir daha onu göstərir ki, Azərbaycan plana uyğun şəkildə öz inkişafını, strategiyasını, xarici siyasətini, öz dövlət quruculuğunu davam etdirəcək.
O ki qaldı təzminat məsələsinə, bu hüquqi prosesdir. Geosiyasi vəziyyətlə bağlı deyil. Bilirik ki, Ermənistana qarşı iki iddia qaldırmışıq. Biri İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, digəri isə Beynəlxalq Ədalət Məhkəməsində. Bunlar müvafiq məsələlərlə bağlıdır. Amma bizim üçün təzminat məsələsi də çox vacibdir. Bununla bağlı müəyyən iş gedir və biz müvafiq qaydada, məhkəmə yolu ilə, beynəlxalq hüquq müstəvisində bu işi davam etdirəcəyik”.
Anar Rəhimov,
KONKRET.az