Fidan Ukrayna müharibəsindən DANIŞDI: Əlimizdən gələni edəcəyik ki…backend

Fidan Ukrayna müharibəsindən DANIŞDI: Əlimizdən gələni edəcəyik ki...

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukraynada davam edən müharibə Avropa və qlobal iqtisadiyyata, xüsusilə enerji sektoruna son dərəcə mənfi təsir göstərib.

KONKRET.az xəbər verir ki, Nazir bu fikirləri Ankarada almaniyalı həmkarı ilə keçirdiyi görüşdən sonra səsləndirib.

Onun sözlərinə görə, müharibənin tezliklə həlli iqtisadi nəticələrin, o cümlədən enerji böhranının yumşaldılmasına kömək edəcək.

“Təkcə hər iki tərəf deyil, həm də Avropa və qlobal iqtisadiyyat, o cümlədən bizim iqtisadiyyat bu müharibədən ciddi zərər görüb. Ukraynanın infrastrukturunun, xüsusilə enerji sektorunun məhv olması böyük problemlər yaradıb. Türkiyə onun bərpası üçün əlindən gələni etməyə hazırdır”, – Fidan qeyd edib.

Türkiyəli diplomat görüş zamanı Ukraynada nizamlanma perspektivlərini və atəşkəsin təmin edilməsi məsələlərini müzakirə etdiklərini də bildirib.

“Biz Ukraynada davam edən müharibəni, mümkün atəşkəsin tətbiqi məsələlərini və “istəklilər koalisiyası”nın fəaliyyətini nəzərdən keçirdik. Ukraynanın ərazi bütövlüyünün qorunması, müharibənin mümkün qədər tez başa çatdırılması və onun Avropaya, eləcə də digər regionlara yayılmasının qarşısının alınması böyük əhəmiyyət daşıyır”, – o, əlavə edib.

Fidan həmçinin vurğulayıb ki, Türkiyə Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərini davam etdirməyə hazırdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*