backend

FINANCIAL TIMES: "Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunub"

Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyilə əldə edilmiş atəşkəs razılaşması cəmi 1 gün sonra yenidən pozulub. Nəticədə Dağlıq Qarabağ regionunda hərbi əməliyyatlar bərpa olunub.

Oktyabrın 12-də Ermənistan və Azərbaycanın Müdafi nazirlikləri bir-birini Dağlıq Qarabağdan şərqdə və cənubda yerləşən əraziləri bombardman etməkdə günahlandırıb. Bu iki ölkə 30 ildir ki Qafqaz dağlarında yerləşən, əhalisi 150 min olan region uğrunda mübarizə aparır.

Oktyabrın 10-da Moskvada səhər saatlarına qədər davam etmiş danışıqlardan sonra tərəflər humanitar atəşkəslə bağlı razılığa gəlmişdi. Lakin artilleriya və raket zərbələri, həmçinin dron hücumları bu gün də davam edir.

Atəşkəs razılaşmasına tam əməl olunmadığını, hərbi əməliyyatların davam etdiyini son Ermənistan-Azərbaycan görüşünə vasitəçilik etmiş Rusiyanın xarici işlər naziri Serqey Lavrov da dilə gətirib.

Qeyd edək ki, təxminən iki həftə əvvəl başlamış döyüşlər nəticəsində ən azı 500 nəfər həyatını itirib. Son döyüşlər 30 ildir davam edən münaqişədə 1990-cı illərdən bəri ən miqyaslı hərbi əməliyyatlardır. Yeri gəlmişkən, 1990-cı illərin əvvəllərində baş vermiş müharibə nəticəsində 30 min insan həyatını itirmişdi.

Bu region enerji resurslarının Avropaya nəqlində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan paytaxtı Bakıdan başlayan neft-qaz kəmərləri Gürcüstan və Türkiyədən keçməklə, Avropa ölkələrinə uzanır.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ regionunu Azərbaycan ərazisi kimi tanıyır. Lakin region əhalisinin əksəriyyəti etnik ermənilərdir. Dağlıq Qarabağa illərdir Ermənistanın fəal dəstəyilə onlar nəzarət edir.

Beləliklə, tərəflər həlak olmuş hərbçilərin cəsədlərinin döyüş meydanından götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs haqda razılığa gəlmişdi. Lakin bunlar baş vermədən hərbi əməliyyatlar yenidən başlayıb. Üstəlik, hərbi əməliyyatlar indi yalnız təmas xəttində getmir. Hər iki tərəf daha dərinliklərə zərbələr endirir.

Yerevan bazar ertəsi Azərbaycan Silahlı Qüvvələrinin müharibə zonasının cənub istiqamətini intensiv atəşə tutduğunu bəyan edib. Onların iddiasına görə, son 24 saatda 200-dən çox azərbaycanlı hərbçi həyatını itirib.

Bakı isə atəşkəs rejiminə əməl etdiyini deyir. Azərbaycan tərəfi əksinə, Ermənistanın müharibə bölgəsinə yaxın olan rayonlara artilleriya zərbələri endirdiyini bildirir. Üstəlik, Azərbaycan Ermənistanı ölkənin ikinci böyük şəhəri olan Gəncəni bombalamaqda ittiham edir. Nəticədə ən azı 9 mülki şəxs həyatını itirib, 34 nəfər yaralanıb. Ermənistan Gəncəni atəşə tutmadığını bildirir.

Azərbaycanı özünə qardaş dövlət sayan Türkiyə Bakıya tam dəstəyini ifadə edir. O, Azərbaycana yüksək texnonologiyalı hərbi dronlar tədarük edir. Bundan başqa, o, ABŞ, Çin, Avropa İttifaqı (Aİ) və Rusiyanın hərbi əməliyyatların dayandırılması çağırışlarına da qoşulmur. Ankara son humanitar atəşkəsin Ermənistanın işğal altındakı ərazilərdən çəkilməsi üçün son fürsət olduğunu da bəyan etmişdi.

Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə hücumu “erməni faşizminin növbəti təzahürü” kimi qiymətləndirib.

“Onlar gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədiblər”, – deyə Azərbaycanın dövlət başçısı Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində vurğulayıb.

Cənab Əliyev deyib ki, o, münaqişənin diplomatik yolla həllini istəyir. Eyni zamanda, İlham Əliyev Rusiyanın vasitəçiliyilə aparılan danışıqlar prosesində ikinci planda qalmış Ankarının prosesdə daha vacib rol oynamalı olduğunu düşünür: “Türkiyə bu məsələnin siyasi yolla həllində fəal rol oynamalıdır”.

Müəllif: Maks Seddon, Laura Pitel

Mənbə: FINANCIAL TIMES

İngilis dilindən tərcümə – WorldMedia.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*