“Gəncəni vurmaqla Ermənistan Rusiya rəhbərliyinə böyük hörmətsizlik etmiş oldu” – EKSPERTbackend

“Gəncəni vurmaqla Ermənistan Rusiya rəhbərliyinə böyük hörmətsizlik etmiş oldu” - EKSPERT

“Ermənistan heç bir vaxt  beynəlxalq hüquqa, müharibə qanunlarına hörmət etməyib. Rusiyanın vasitəçiliyi ilə humanitar məqsədlər üçün – əsirlərin, yaralıların və meyitlərin dəyişilməsinə görə əldə edilən atəşkəsə də heç bir hörmət etmədi”

KONKRET.az xəbər verir ki, bu sözləri Musavat.com-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanın Gəncədə dinc sakinləri hədəf almasını şərh edərkən deyib.

Hərbi ekspertin sözlərinə görə, Ermənistan 30 ildə BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət etmədiyi kimi, atəşkəs barədə razılaşmaya da hörmət qoymadı: “Bununla da özünün müttəfiqi Rusiyaya, onun rəhbərliyinə böyük hörmətsizlik etmiş oldu. Bu, onu göstərir ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu doğru yoldadır, Ermənistanın cəzasını ancaq Azərbaycan Ordusu verə bilər və verir də. Ermənilər beynəlxalq hüquqa zidd olan bütün əməlləri törədiblər: terror, separatizm, işğal. İndi də Cenevrə konvensiyasına, BMT nizamnaməsinə zidd olaraq mülki əhalini qadağan olunmuş silahlardan atəşə tuturlar. Burada da məqsəd erməni terrorunun, erməni işğalının davam etdirilməsidir. Bunun başqa adı yoxdur və cəzasını da Azərbaycan dövləti, Azərbaycan Ordusu mütləq verəcək”!

E.Həsənlinin fikrincə, Ermənistanın terrorçu rejimi mütləq cəzalandırılmalıdır:

“Bunlar dinc əhalini qırmaq siyasətini əsrlərdir davam etdirirlər: 1905, 1918, 1992 və indi. Ermənistanın bu vəhşi siyasətinin qarşısı alınmalıdır və alınacaq da. Dinc əhalini, cəbhə xəttindən uzaqda yerləşən əraziləri vurmaqla panika, xaos yaratmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan Ordusu vahid komandanlıq altında torpaqlarımızı bütün müharibə qanunlarına əməl etməklə işğaldan təmizləyir. Xalqımız Ordumuzun arxasında mətanətlə dayanıb. Artıq bizim – Azərbaycan xalqının səbir kasası daşıb. Bu xalq atəşkəsi ona görə istəmir ki, ermənilərin xain xislətini yaxşı bilir, bələddir. Azərbaycan dövləti beynəlxalq qanunlara əməl edərək, humanizm prinsiplərindən çıxış edərək müvəqqəti atəşkəsə razılaşmışdı, amma onlar buna əməl etmədilər. Bundan sonra baş verəcəklərinin bütün məsuliyyəti Ermənistanın üzərindədir. Qələbə bizimdir, çünki biz haqq yoldayıq”!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*