Bu gün müzakirə olunan məsələ Xankəndi, Xocalı və Xocavənddə azərbaycanlılarla ermənilərin birgə yaşamasıdır. Bu məsələ bir çoxu tərəfindən etirazla qarşılanır. Bildirilir ki, Zəngəzur, Qafan, Göyçə və İrəvandan köçürülən azərbaycanlılar doğma dədə-baba yurdlarına qaytarılmadan ermənilərin Xankəndidə, Xocavənddə və Xocalıda yaşaması doğru deyil. Bəzi erməni siyasətçiləri isə Zəngəzurun və Qafanın bəzi kəndlərinin ödəniləcək 50 milyard dolların qarşılığında Azərbaycana qaytarılmasını təklif edir. Gələcəkdə azərbayacanlıların Zəngəzura, Qafana, Göyçəyə və İrəvana köçürülməsi məsələsi də gerçəkləşə bilərmi?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, əslində bu məsələ çətin prosesdir: “Amma digər tərəfdən bu, mümkün olar. Belə ki, Ermənistanın Azərbaycana vurduğu ziyan yüz milyardlarla ölçülür. Bu faktı da bütün dünya və məhkəmələr qəbul edir. Müraciət edilən məhkəmələr inanıram ki, Azərbaycanın xeyrinə qərar verməli olacaqlar. Hətta ermənipərəst olanlar belə. Çünki faktlar göz önündədir. Hər kəs gördü ki, qondarma “Qarabağ Respublikası”nın əsgərləri və ya hər hansı terrorçu qruplaşması deyil, məhz Ermənistan ordusu Azərbaycan torpaqlarını viran qoyub, işğal etmişdi. Belə olan halda da Ermənistan üzərində hərbi və maddi məsuliyyət yaranır. Gec-tez beynəlxalq tribunalar və məhkəmələr bunu qəbul edəcək. Çünki cənab prezident dəfələrlə vurğuladı ki, biz öz haqqımızı beynəlxalq məhkəmələrdə axtaracağıq. Belə olan halda Ermənistanın qaçış yeri qalmayacaq”.
Firudin Məmmədov vurğulayıb ki, bu gün 50 milyard dolları ermənilər özləri ortaya atıb: “Çünki onlar canlarını 50 milyard dollar ödəməklə qurtarmağa çalışır. Əslində burada söhbət 500-800 milyard dollar civarında dəyən ziyandan gedir. Bu məbləği ödəmək iqtidarında olmadıqda bunu torpaqla ödəməli olacaqlar. Beynəlxalq təcrübədə də bu var. Bu pulun qarşılığında Göyçə və Zəngəzurun bizə geri qaytarılması gerçəkləşə bilər. Azərbaycan dövləti əsas bu variantın üzərində çalışır. Bu yolla insanlarımız o torpaqlara geri qayıda bilər. BMT-nin Qaçqın və Məcburi Köçkünlərlə İş Komissarlığı gəlib Azərbaycanda bütün qaçqın və məcburi köçkünlərin öz yurdlarına köçürülməsi ilə bağlı nümayəndəliyini açacaq. Amma inanmıram ki, Ermənistan BMT-nin o komissiyasının tapşırıqlarını nəzərə alıb, azərbaycanlıların könüllü köçürülməsinə razılıq verə. Çünki 30 ildə Ermənistan bütün qərarları və BMT-nin qətnamələrini rədd etdi. Ancaq bu, zor gücü ilə reallaşdırıla bilər. Ermənistan hər hansı təxribata əl atarlarsa, Azərbaycan Ordusu tərəfindən yox olmaq təhlükəsi ilə üzləşərlərsə, buna razılıq verə bilər. Ancq bu gün azərbaycanlıların o torpağa köçürülməsi məhkəmə yolu ilə reallaşa bilər”.
Nərgiz Mirzəyeva,
KONKRET.az