24 ildir sənədsiz yaşayan Gülxanım Kərimovaya şəxsiyyət vəsiqəsi veriləcək.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, sənədi olmayan G. Kərimovanın müraciətləri əsasında aidiyyəti polis şöbəsində araşdırma aparılıb: “Müəyyən olunub ki, həmin şəxsin doğum haqqında şəhadətnaməsi yoxdur. Buna görə də müvafiq qaydada məhkəməyə verilməklə məhkəmə qərarı əsasında həmin şəxsin aidiyyəti dövlət qurumu tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunması üçün müvafiq qərar çıxarılıb. Həmin qərara uyğun olaraq və qərarın icra müddəti qüvvəyə mindikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq. Hazırda məsələ aidiyyəti üzrə icraatdadır”.
Qeyd edək ki, 2001-ci ildə Yevlaxda dünyaya gələn qadının şəxsiyyət vəsiqəsi olmayıb və Gülxanım adı ilə yaşayıb. Hazırda isə qeyri-rəsmi şəkildə ailə həyatı qurub və ana olmaq ərəfəsindədir, bu səbəbdən onun bir vətəndaş kimi mövcudluğunun rəsmiləşdirilməsinə ehtiyac yaranıb.
Yevlax Rayon Məhkəməsi ərizənin təmin edilməsi barədə qətnamə çıxarıb. Bu sənəd doğum aktı qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsas kimi təqdim olunub.