Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları olaraq müəyyən edib. Maraqlıdır, Həcc ibadətinin əsas məqsədi mənəvi paklanmadırsa, bu qədər maddi yükün olması ibadətin mənəvi tərəfini zəiflətmir ki?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Həcc ibadətinin əsas məqsədi insanın mənəvi paklanması, Allahın evini ziyarət etməklə ruhi təmizliyə nail olmasıdır:
“Ölkəmizdən Həccə gedən, Allahın evini ziyarət edən və orada paklanmaq istəyən insanlara yol açılmalıdır. Həcc ömürdə bir dəfə yerinə yetirilməsi vacib olan ibadətdir və Allahın bir əmridir. Bu, insanlıq ailəsinin mənəviyyat ocağıdır.”
İlahiyyatçı qeyd edib ki, ziyarətin yüksək qiyməti insanların istəklərinə müəyyən mənada maneə yaratsa da, Həccin mahiyyəti maddi deyil, mənəvi dəyərlər üzərində qurulub:
“Əlbəttə, insanlar istəyər ki, Həcc ziyarətinin xərcləri az olsun. Amma hər şey maddiyyatla ölçülmür. Həcc bir nəsib işidir, Allahın qonağı olmaqdır. Bu, fədakarlıq ibadətidir, var-dövlətdən, rahatlıqdan keçməyi insana Allah öyrədir. Həccin mahiyyəti insanın axirəti, aqibəti dərk etməsidir. Orada geyinilən ehram kəfəni simvolizə edir, insan Rəbbinin qarşısında bir ömrün hesabatını verir.”
Ağa Hacıbəyli əlavə edib ki, qiymətlərin süni şəkildə artırılması doğru deyil və fürsətçiliyə yol verilməməlidir:
“Biz istərdik ki, Həcc daha rahat və münasib qiymətlərlə həyata keçirilsin. Fürsətçilərə imkan vermək olmaz. Süni şəkildə qiymətlərin qaldırılması normal hal deyil.”
Aynurə İsmayıl
KONKRET.az