“Azərbaycanda hərbi xidmətə yararlılıq yalnız diaqnozun adına əsasən müəyyən edilmir. Əsas meyar xəstəliyin ağırlıq dərəcəsi və insanın hərəkət, tənəffüs, ürək-damar, sinir sistemi və digər funksiyalarına nə qədər təsir etməsidir”.
Bu fikirləri vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Məsələn, yüngül yastıpəncəlik və ya zəif skolioz bir çox halda hərbi xidmətə mane olmur. Ancaq onurğada ciddi əyrilik, III dərəcəli yastıpəncəlik, hərəkət məhdudiyyəti, davamlı ağrı, deformasiya və ya oynaqlarda ciddi dəyişiklik varsa, bu hallar şəxsin yararlılıq kateqoriyasına təsir edə bilər”.
Vəkil vurğulayır ki, bununla yanaşı, ağır ürək xəstəlikləri, tənəffüs çatışmazlığı yaradan ağciyər xəstəlikləri, böyrək funksiyasının ciddi pozulması, müəyyən nevroloji və psixi xəstəliklər, iri oynaqlarda hərəkət məhdudiyyəti və digər davamlı funksional pozuntular da hərbi xidmətə yararsızlıq və ya məhdud yararlılıq üçün əsas ola bilər.
“Yekun qərar isə yalnız tibbi arayışa əsasən deyil, müayinələrin nəticələri, rentgen və digər obyektiv göstəricilər nəzərə alınmaqla hərbi-həkim komissiyası tərəfindən verilir”.
Aynurə İsmayıl
KONKRET.az
