Türkiyəli aktrisa Aslı Bekiroğlu həkim səhvi nəticəsində bağırsağının kəsildiyini təsdiqləyib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, məşhur aktrisa qonaq olduğu “Ne Olursan Ol Rahat Ol” proqramında sadə bir mioma əməliyyatı üçün masaya əyləşdiyini, lakin cərrahların ehtiyatsızlığı ucbatından bağırsağının kəsildiyini bildirib. Sənətçi bu hadisənin onun üçün böyük kabusa çevrildiyini və uzunmüddətli müalicə prosesinə başladığını vurğulayıb.
Aktrisa başına gələnləri təfərrüatı ilə danışaraq “Mioma əməliyyatına girdim, amma çıxanda bağırsağımın kəsildiyini öyrəndim” deyərək yaşadığı şoku ifadə edib. O, əməliyyatdan sonrakı ağrılı proses haqqında “Həkim səhvi ucbatından üç dəfə əməliyyat olundum və hələ qarşıda daha iki əməliyyatım var” sözləri ilə vəziyyətin nə dərəcədə kritik olduğunu diqqətə çatdırıb. Bekiroğlu sağlamlığına qovuşmaq üçün böyük mübarizə apardığını bildirərək “Qarnımdakı o boşluğu doldurmaq üçün əzələ köçürdülər, amma o da tutmadı” deyə başına gələn uğursuz müdaxilələrdən şikayətlənib.
Aslı Bekiroğlu bu prosesin həm fiziki, həm də mənəvi cəhətdən çox çətin keçdiyini deyib. Aktrisa hazırda bərpa dövründədir və yaxın vaxtlarda ayağından alınan toxumanın zədələnmiş nahiyəyə köçürülməsi üçün yenidən əməliyyat masasına əyləşəcək. Yaşadığı bütün bu çətinliklərə baxmayaraq pərəstişkarlarına yaxşı olacağını və mübarizəsini davam etdirəcəyini vəd edib.
