“Həm AZAL, həm də aidiyyatı nazirlik bunun üçün məsuliyyət daşıyır” – ÖZƏLbackend

"Həm AZAL, həm də aidiyyatı nazirlik bunun üçün məsuliyyət daşıyır" - ÖZƏL

Azərbaycanın işğaldan azad edilən rayonlarında hava limanlarının tikilərək istifadəyə verilməsi böyükdən-kiçiyə hər bir vətəndaşı sevindirir. Bu, ölkəmizin inkişafının göstəricisi kimi də qiymətləndirilə bilər. Həmçinin Lənkəran, Qəbələ, Zaqatala digər rayonlarda da hava limanları fəaliyyət göstərir. Lakin bu hava limanlarının mövcudluğu formal xarakter daşıyır və fəaliyyətləri kifayət qədər nəzərə çarpmır. Məlumdur ki, hava limanlarının tikintisinə milyonlarla vəsait xərclənir, lakin onları saxlamaq daha baha başa gəlir. Amma AZAL isə bu qədər etirazlara baxmayaraq inhisarçılıqdan əl çəkmir və heç bir aviaşirkətin ondan aşağı qiymətə bilet satmasına imkan vermir. Belə olan halda bu hava limanlarının tikilməsi ölkəyə nə kimi dividentlər qazandırır?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, həm AZAL-ın idarəçilik siyasətində və menecmentində, həm də nəqliyyat sahəsinə cavabdehlik daşıyan müvafiq nazirliyin idarəetməsində çox böyük islahatlara ehtiyac var: “AZAL-ın operator kimi rəqabətqabiliyyətli fəaliyyətindən söhbət gedə bilməz. Bunu görmək üçün qonşu ölkələrin operatorlarının təklif etdiyi qiymətlərə nəzər salmaq kifayətdir. AZAL isə heç bir rəqabətə tab gətirə bilməyən qiymət siyasəti ilə bazarda çıxış edir. Bu isə birbaşa əhalinin sosial vəziyyətinə təsir göstərir. Eyni zamanda AZAL-ın özünün rəqabət qabiliyyətliliyinin aşağı səviyyədə olmasını şərtləndirir.

Elşad Məmmədov

Elşad Məmmədovun sözlərinə görə, nəqliyyat sahəsinə cavabdehlik daşıyan nazirliyin (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red) də bu istiqamətində fəaliyyətsizliyinin şahidi oluruq: “Çünki  dövlətin nəqliyyat siyasəti var. Böyük kapital və investisiya qoyuluşları hesabına tikilən bu hava limanları effektiv fəaliyyət göstərməlidir. Düşünürəm ki, həm AZAL, həm də aidiyyatı nazirlik bunun üçün məsuliyyət daşıyır və öz cavabdehliyini dərk etməlidir. Amma bu istiqamətdəki idarəçiliklə bağlı böyük problemlər mövcuddur. Dövlət başçısının infrastrukturun yaradılmasına bu qədər diqqət və qayğı göstərməsi fonunda aidiyyatı qurumların idarəetməsindəki problemlər təəssüf ki, ölkəmizin nəqliyyat siyasətinin effektiv həyata keçirilməsinə mane olur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*